31 may Qazaxıstanda Siyasi repressiya və totalitar rejim qurbanlarının anım günüdür
BAYRAQDAR MEDİA – “Bu gün Qazaxıstanda 20-ci əsrin birinci yarısında baş verən və milyonlarla insanın ölümünə səbəb olan ağrılı hadisələr anılacaq”.
Bu barədə Kırım Haber Ajansının məlumatında qeyd edilib.
Bildirilib ki, “bolşeviklərin hakimiyyətə gəlməsi Böyük Qazax çöllərində şüurlu şəkildə təşkil olunmuş qıtlıqlar dövrü kimi tarixə düşdü. Ümumiyyətlə, SSRİ respublikalarında repressiyalar 1928-ci ildən başlayıb. Qazax ölkəsində ilk növbədə Alaş ziyalıları həbs olunurdu. Alaş Orda ziyalılarını “millətçi” olmaqda ittiham edirdilər”.
Xəbərdə daha sonra deyilir: “Tarixi məlumatlara görə, 1921-1954-cü illər arasında SSRİ-də 3 milyon 777 min nəfər “əksinqilabi” və ya “antisovet” ittihamı ilə mühakimə olunub, onlardan 64 mini ölüm cəzasına məhkum edilib. 1932-1933-cü illərdə Sovet İttifaqında baş verən aclıq bəşər tarixinin ən faciəli dövrlərindən biri idi. O zaman təkcə Qazaxıstanı deyil, Rusiya, Ukrayna və Belarusu da əhatə edən fəlakətli aclıq 7 milyon insanın həyatına son qoydu”.
Vurğulanır ki, 31 May SSRİ və dünya tarixinin ən qanlı diktatorlarından biri olan İosif Stalinin hakimiyyəti dövründə süni aclıq, kütləvi zülm və sürgünlər nəticəsində həyatını itirmiş milyonlarla günahsız insanın anım günü kimi qəbul edilir: “1917-ci il siyahıyaalınmasına görə qazaxların sayı 6 milyondan çox idisə, 1939-cu il siyahıyaalınmasına görə bu say 2 milyon 300 minə qədər azalmışdır. Mənbələrə görə, 1919-1922-ci illər arasında təxminən 1 milyon, 1930-1933-cü illərdə isə 1 milyon 750 min (əhalinin 40 faizi) totalitar rejimin amansız idarəçiliyinə qarşı üsyan etdikləri üçün aclıq və güllələnmə ilə ölümə məhkum edilib”.
Qazaxıstan müstəqilliyini elan etdikdən dərhal sonra qəbul edilən ilk qanunlardan biri 14 aprel 1993-cü il tarixli “Kütləvi siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” qanun oldu. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev 1997-ci ildə imzaladığı qərarla 31 may tarixini “Siyasi repressiya və totalitar rejim qurbanlarının anım günü” elan edib.