BAYRAQDAR MEDİA – Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, Quzey Karolina Universitetinin (ABŞ) Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Aziz Sancar AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə Azərbaycanda səfərdədir.
Bu barədə xəbəri AMEA yayıb.
Xəbərdə deyilir ki, “dünya şöhrətli alim AMEA Rəyasət Heyətinin binası ilə tanış olub. Eyni zamanda AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinə baxış keçirib, xatirə dəftərinə ürək sözlərini yazan ilk qonaq olub. Daha sonra İsa Həbibbəyli Aziz Sancarla görüşüb”.
Görüşdə İsa Həbibbəyli vurğulayıb ki, “29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın ümumi yığıncağında Aziz Sancar AMEA-nın fəxri üzvü seçilib. Səfər çərçivəsində ona AMEA-nın fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq, elm ictimaiyyəti ilə geniş müzakirələri keçiriləcək”.
Qeyd edək ki, Aziz Sancarın AMEA-nın ümumi yığıncağının xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzəsi və AMEA Naxçıvan bölməsini, elmi müəssisə və təşkilatlarını, eləcə də Azərbaycanda bir sıra ali təhsil müəssisələrini ziyarəti gözlənilir.