BAYRAQDAR MEDİA – Mayın 31-də kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şabran rayonundan olan vətəndaşları qəbul edib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.
Xəbərdə deyilir ki, “qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, kənd təsərrüfatı təyinatlı kredit, müasir suvarma sistemlərinin subsidiyalaşdırılması, toxumçuluq və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb”.
Məlumata görə, Elçin Zeynalov qəbuldan sonra Şabran DAİM-in kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb.
Daha sonra Elçin Zeynalov Şabran rayonunda salınmış müasir intensiv və superintensiv bağlara baş çəkib, fermerlərlə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından başlayaraq Nazirliyin vəzifəli şəxsləri bölgələrdə vətəndaş qəbullarını mütəmadi keçirir.