BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) tanınmış alim, şair, Prof. Mahirə Nağıqızının tələbələrlə görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “BDU-nun rektoru Elçin Babayev M.Nağıqızının gözəl pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı, zəhmətkeş alim olduğunu qeyd edib. O bildirib ki, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Prof. M.Hüseynova alim kimi ana dilinin tədqiqi sahəsində qiymətli əsərlər ərsəyə gətirib. Rektor qeyd edib ki, görkəmli alimin “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (Sayalı Sadıqova ilə birlikdə) kimi əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri əhatəli şəkildə təqdim olunub. E.Babayev onun poeziyasında Vətən və Ana obrazının ülvi, qırılmaz sevgi, bədii dilin bütün gözəllikləri ilə, ustalıqla yaradıldığını vurğulayıb”.
Sonra xəbərdə, “BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir çıxışlarında şairənin zəngin söz dünyasından, yaradıcılığının özünəxas cəhətlərindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, M.Nağıqızının əsərlərində milli ruhun təbliği xüsusi yer tutur, vətən sevgisi, onun bütövlüyü, toxunulmazlığı, Qarabağ Zəfəri görkəmli şairin yaradıcılığından qırmızı xətlə keçir”.
Daha sonra söz M.Nağıqızıya verilib. Tələbələrlə görüşün çox xoş olduğunu qeyd edən tanınmış şair gənclərə inamının böyük olduğunu deyib. Ədəbiyyata marağının anasının səsləndirdiyi bayatıları dinləyərək, sevərək yarandığını deyən alim 1 min 300-dək bayatının müəllifi olduğunu diqqətə çatdırıb. Şair həmçinin müəllifi olduğu şeirlərdən səsləndirib və tələbələrin suallarını cavablandırıb.