Press "Enter" to skip to content

Dövlət Xidmətindən şəhid övladları üçün bayram tədbiri

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 31 May 2024 11:50

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 31-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “tədbir Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksində baş tutub.Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib”.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov çıxış edərkən
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov çıxış edərkən

Məlumata görə açılış mərasimində çıxış edən Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov şəhidlərin qəhrəmanlığından, şücaətindən və qanları bahasına qazanılan qələbədən danışıb: “Sizin valideynləriniz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə silaha sarılıb Vətən torpaqlarının müdafiəsində iştirak edib. Müharibənin çox qəddar qanunları var. Azadlıq, suverenlik və qələbə olduğu kimi təəssüf ki, Vətən uğrunda şəhid olanlar da olur. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Məhz Sizin valideynlərinizin şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub”.

Uşaqlar Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları ilə zabit yeməkxanasında birgə nahar ediblər
Uşaqlar Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları ilə zabit yeməkxanasında birgə nahar ediblər

Rəsmi hissə bitdikdən sonra “Şahinlər” hərbi-idman oyunlarında Sabunçu rayonu 67 saylı tam orta məktəbi təmsil edən “Kəşfiyyatçılar” komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib: “Sonra isə uşaqlar komandalara bölünərək, özləri də bir neçə idman-estafet oyunlarında iştirak ediblər. Oyunlar bitdikdən sonra şəhid övladlarına Dövlət Xidməti tərəfindən hədiyyələr və fəxri fərmanlar, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hədiyyələr təqdim edilib. Tədbirin sonunda uşaqlar “Mənim atam qəhrəmandır” mahnısını oxuyublar və Dövlət Xidmətinin əməkdaşları ilə zabit yeməkxanasında birgə nahar ediblər. Doğum günləri həmin günə təsadüf edən uşaqlarla birgə tortlar kəsilib”.

“Kəşfiyyatçılar” komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib
“Kəşfiyyatçılar” komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib

Qeyd edilib ki, şəhid övladlarının iştirak etdiyi bayram tədbiri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin,“Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanovun və Sabunçu rayonu 67 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovundəstəyi ilə keçirilib.

Mission News Theme by Compete Themes.