Son yeniləmə: 31 May 2024 09:53
Eskişehir Azərbaycanlılar Dərnəyi Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər keçirib
BAYRAQDAR MEDİA – Öz məhsuldar fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan Eskişehir Azərbaycanlılar Dərnəyi bu dəfə də fərqlənməyi bacarıb. Belə ki, mayın 28-də Dərnəyin təşkilatçılığıyla Ankaraya səfər təşkil edilib.
Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr, həmçinin bu şəhərdə yaşayan və işləyən soydaşlarımızdan ibarət heyət öncə Ankarada Cebeci Asri Məzarlığında Azərbaycan Respublikasının qurucusu və dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə dahi şəxsiyytin məzarı önünə çələng qoyulub, ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra isə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Məlumata əsasən, daha sonra M.Ə.Rəsulzadə və 28 May 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyəti haqqında çıxışlar olub.
Bildirilib ki, “ziyarətdən sonra Ankarada fəaliyyət göstərən Azaflı Sosyal Yardım və Kültür Dərnəyi ilə birgə Azərbaycan Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirin açılışında Azaflı Sosyal Yardım və Kültür Dərnəyi Sədri Av. Arzuman Azaflı və Eskişehir Azərbaycanlılar Dərnəyinin Sədri Uzm. Ecz. Cavid Aydın çıxış edib. Daha sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaguboğlu Azərbaycan Respublikasının quruluşu və yaşanan tarixi xronologiyadan ətraflı bəhs edib. Tədbir Eskişehirdən tələbələr Fərid Mehdiyevin qarmon ifası və Fidan Hüseyinlinin şeir ifasıyla sonlandırılıb”.
Məlumata görə tədbirdən sonra Eskişəhir Azərbaycanlılar Dərnəyi üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün məzarının yer aldığı Anıtkabiri ziyarət edib”.
Onu da qeyd edək ki, 8 May-Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən mayın 29-da Eskişehirdə mədəni-kütləvi məraism keçirilib.