BAYRAQDAR MEDİA – TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti”nin (Healthcare Information and Management Systems Society – HIMSS) təşkil etdiyi “Avropa sağlamlıq konfransı və sərgisi”ndə iştirak etmək üçün İtaliyanın Roma şəhərində işgüzar səfərdədir.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumun mətbuat xidmətindən verilib.
Xəbərdə deyilir ki, “sərgi çərçivəsində təşkil olunan konfrans bu il qlobal sağlamlıq ekosistemini təmsil edən 70-dən çox ölkədən səhiyyə liderlərini və mütəxəssislərini cəlb edib, eyni zamanda builki tədbirdə Azərbaycan da təmsilçilik hüququ qazanıb. Sözügedən tədbir çərçivəsində Azərbaycanda və hətta regionda ilk dəfə olaraq HIMSS beynəlxalq akkreditasiya sertifikatı rəsmi olaraq təşkilatın məsul şəxsləri tərəfindən Yeni Klinikaya təqdim olunub”.
Vurğulanıb ki, “Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur”.
Təsisçilərdən beynəlxalq sertifikatı qəbul edən Vüqar Qurbanov bildirib ki, “sertifikat Azərbaycan səhiyyəsinin beynəlxalq müstəvidə tanınmasına da səbəb olacaq. Bu, gələcəkdə bizə tibbi turizm sahəsini daha da inkişaf etdirməyə imkan yaradacaq. Həmçinin Yeni Klinika bu nüfuzlu sertifikatı əldə etmiş tibb müəssisəsi kimi beynəlxalq müstəvidə öz xidmətlərini digər ölkə vətəndaşlarına təqdim edə biləcək”.