BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” adlı beynəlxalq elmi konfrans təşkil edilib.
Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən veriblər.
Sözügedən Universitetin prorektoru, Prof. Sultanbek Nurmametov açılış çıxışında iki ölkə arasındakı ədəbi əlaqələrin qədim tarixə malik olduğunu və böyük ədəbi şəxsiyyətlərin xüsusi rolunun mövcudluğunu vurğulayıb.
Mərkəzin direktor müavini Nadir Əlmirzəyev iki ölkə arasında ədəbi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bu sahədə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı nəşr, tərcümə layihələrinin həyata keçirildiyini, yerli və beynəlxalq elmi konfransların, seminar və mühazirələrin, konsert tədbirlərinin, sərgilərin, media turlarının təşkil edildiyini bildirib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Dos. Mehman Həsənli Azərbaycan ədəbiyyatşünaslığında həyata keçirilən tədqiqat işlərindən söz açaraq bunlar arasında daha çox Məhəmməd Füzuli və Əlişir Nəvai yaradıcılığına xüsusi yer verildiyini qeyd edib.
Sonra çıxış edən Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Qayrat Məcid, Prof. Nurbay Cabbarov, AMEA “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Prof. Almaz Ülvi, Prof. Kemal Yavuz Ataman, Prof. Boqican Toxliyev, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, şairə Xuraman Muradova və başqaları iki ölkə arasında ədəbi mədəni əlaqələrdən, Məhəmməd Füzuli və Əlişir Nəvai yaradıcılığından, ədəbiyyatşünaslıq məsələlərindən söz açıblar.
Bildirilib ki, beynəlxalq elmi konfrans nahar fasiləsindən sonra paralel olaraq keçirilən dörd şöbə iclası ilə davam edib.