BAYRAQDAR MEDİA – Bu gün böyük Azərbaycan şairi, Molla Nəsrəddinçi, satirik, pedaqoq, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür. 30 may 1862-ci ildə bu fani dünyaya göz açan gələcəyin məşhur satiriki qısa və mənalı ömür yaşayıb. Onun əsərləri aradan keçən bu qədər uzun vaxtdan sonra da aktualdır, sevilir, ibrət olur. Doğumunun 162-ci ilində Ustadı xatırlayır, onun bir şeirini dəyərli oxucularımıza təqdim edirik.
Qorxuram
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü-biyabanları,
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin,
Dalğalı tufan görürəm, qorxmuram.
Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara,
Yanğılı vulkan görürəm, qorxmuram.
Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara,
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gah məkan,
Qəbirdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
Bu kürreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!..