BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 31 may-1 iyun tarixlərində geomaqnit qasırğası gözlənildiyini bildirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “son üç gün ərzində Günəşin fəallığı artıb, radiosiqnalları əngəlləyən və pozulmasına gətirən çoxlu M sinif, eləcə də radiodalğaların yayılmasına, mobil rabitəyə güclü mane olan X1.4 sinif alışmaları yüksək səviyyədə olub. Günəş səthində digər fəal bölgələr M sinif alışmalarla fəallığını davam etdirib. Mayın 27-də baş verən X alışmaların yaratdığı tac kütlə atılmaları mayın 31-də Yerə çatacaq. Sözügedən Kafedranın məlumatına görə, mayın 29-da baş verən atılma bu təsiri gücləndirəcək və geomaqnit qasırğası iyunun 1-dək davam edəcək. Bu dövrdə geomaqnit şəraiti göstərən əmsal 10 ballıq sistemlə 6 (G2 səviyyəsində) olacaq. Bu hadisə daha çox yüksək coğrafi enliklərə təsir göstərəcək. Qasırğanın mayın 31-i axşam saat 20.00-dan başlayaraq iyunun 1-i saat 14.00-dək davam edəcəyi proqnozlaşdırılır”.