Press "Enter" to skip to content

“Əminəm ki, Şuşa toplantısı çox uğurlu keçəcək”

Nazım Çavuşoğlu (sağda) və Nadir Azəri

Son yeniləmə: 30 May 2024 08:57

Nazım Çavuşoğlu: Türk birliyin daha möhkəm olması həm də elm, təhsil sahəsində əlaqələrin güclənməsindən keçir

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) milli təhsil naziri Nazım Çavuşoğlu Azərbaycanda səfərdədir.

Bu sərgi mühüm məqamlarla yadda qalacaq

Səfər çərçivəsində BAYARQDAR MEDİA-ya özəl müsahibə verən N.Çavuşoğlu bir çox maraqlı məqamlara toxundu.

Qeyd edildi ki, səfərdə məqsəd mayın 30-da Bakıda keçiriləcək KKTC universitetlər tanıtım fuarında, yəni KKTC-nin universitetlərinin tanıdılması sərgisində iştirak etmək, bir sıra görüşlər keçirmək, həmçinin iyunun 1-də Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasında iştirak etməkdir.

Bu sərgi iki qardaş ölkə arasındakı bağların daha da dərinləşməsinə təkan verəcək

Nazir N.Çavuşoğlu müsahibə zamanı bildirdi ki, KKTC-də fəaliyyət göstərən universitetlərinin rəhbərlərinin, xüsusilə dövlət universitetlərinin rektorlarının da qatılacağı sərgiyə Kıbrıs tərəfi xüsusi önəm verir: “Əminik ki, bu sərgi iki qardaş ölkə arasındakı bağların daha da dərinləşməsinə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığın yeni və daha dinamik bir mərhələyə qədəm qoymasına təkan verəcək”.

N.Çavuşoğlu əlavə etdi ki, səfər zamanı həmçinin ikitərəfli görüşlər də nəzərdə tutulub.

Müsahibə zamanı
Müsahibə zamanı

Müsahibəsində iyunun 1-də Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası barədə da danışan qonaq bildirdi ki, belə bir toplantıda iştirak etmək qürurvericidir: “Əvvəla KKTC bayrağı altında bu tədbirdə iştirakımız KKTC-nin Türk Dövlətləri Təşkilatı daxilində mövqeyinin bir qədər də güclənməsinə dəstək kimi dəyərləndirilə bilər. Digər tərəfdən bu tədbirin Şuşada keçirilməsinin bizim üçün ayrı bir dəyəri var. Çünki Şuşa 44 günlük Vətən savaşında qardaş Azərbaycan ordusunun tarixi zəfərinin bir növ əzəmət simvoludur. Qəhrəman Azərbaycan övladları Şuşanı və digər torpaqları işğaldan azad etməklə həm də türk dünyasına bir qürur yaşatdılar. Dünya bir daha gördü ki, türklər öz torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayıb və bundan sonra da barışmayacaq”.

Bu qələbə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir

Qeyd edildi ki, bu qələbə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir: “Bu qalibiyyət türk dünyası olaraq bizə qurur verdi, bizi yenidən ayağa qaldırdı və təsadüfi deyil ki, Azərbaycanın bu tarixi zəfəri türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə sanki bir əlavə təkan oldu. Mən Şuşanın yenidən türk dünyasının bir parçası kimi azad olunmasında canlarından keçən qəhrəmanların ruhu qarşında baş əyir, cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqını bu tarixi zəfər münasibətilə təbrik edirəm. Eyni zamanda deyirəm ki, KKTC, Kıbrıs türk xalqı hər zaman sizin yanınızdadır”.

Kədəriniz kədərimiz olduğu kimi, sevinciniz də sevincimizdir

Nazir bildirdi ki, Kıbrıs türkləri işğal illərində Azərbaycanlı bacı-qardaşlarının yaşadığı acıları öz acıları kimi hiss edib, bu kədəri yaşayıblar: “İndi isə gülmək, sevinmək, tarixi zəfəri qeyd etmək zamanıdır. Və Kıbrıs türkləri kədərli günlərdə olduğu kimi sevincli günlərdə də Azərbaycanın yanındadır. Necə deyərlər kədəriniz kədərimiz olduğu kimi, sevinciniz də sevincimizdir”.

Nazım Çavuşoğlu "Şuşaya sevinc, qürur hissi ilə səfər edəcəm" deyir
Nazım Çavuşoğlu “Şuşaya sevinc, qürur hissi ilə səfər edəcəm” deyir

N.Çavuşoğlu Şuşaya məhz bu hisslər altında səfər edəcəyini bildirdi: “Bir sözlə, Şuşaya sadaladığımız sevinc, qürur hissi ilə səfər edəcəm. Həmçinin, əminəm ki, Şuşa toplantısı çox uğurlu keçəcək. Biz Türk Dövlətləri Təşkilatı daxilində təhsil sahəsində gələcəyə doğru vahid bir yol xəritəsi müəyyən edərək o toplantıdan ayrılacağıq”.

Əldə edilən ilkin razılaşmaların nəticəsi hər iki ölkə üçün uğurlu olacaq

Azərbaycanla KKTC arasında təhsil sahəsində əməkdaşlığın mövcud durumuna gəlincə N.Çavuşoğlu dedi ki, bu əlaqələr gələcəyə ümidlə baxmağa imkan verir: “Təbii ki hər bir sahədə inkişaf daimi irəliləyişdən aslıdır. Yəni biz əldə etdiyimiz uğurlarla kifayətlənib yerimizdə saysaq, o zaman bu, gələcəkdə yeni uğurlar əldə etməyimizə mane ola bilər. Ona görə də təhsil sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün çalışmalı, yeni-yeni layihələr həyata keçirməli, davamlı addımlar atmalıyıq. Bu məqsədlə də Azərbaycan gələn nümayəndə heyətimizin tərkibində olan rektorlarımız Bakıda Azərbaycan universitetlərinin rektorları ilə görüşlər keçirəcək, gələcək əməkdaşlığa dair razılıq əldə edəcəklər. Bu müzakirələrin, əldə edilən ilkin razılaşmaların nəticəsi isə hər iki ölkə üçün uğurlu olacaq. Belə deyək ki, biz təhsil sahəsində əməkdaşlığın yeni dövr üçün yol xəritəsini hazırlayırıq”.

Maraqlı müsahibənin maraqlı anlarından biri
Maraqlı müsahibənin maraqlı anlarından biri

Nazir qeyd etdi ki, Azərbaycana səfərin və keçirilən görüşlərin mərkəzində duran əsas məsələlərdən biri də iki ölkə arasında təhsil sahəsində mübadilələrinin gercəkləşdirilməsidir: “Bu, həm müəllim, həm də tələbə mübadiləsi deməkdir. KKTC universitetləri turizm və digər bu kimi sahələrdə uğurlu nəticələr əldə edib. Eyni zamanda, Azərbaycanda da universitetlər var ki, bir sıra sahələrdə uğurlar əldə ediblər. Biz mübadilə ilə həmin uğurları da paylaşa bilərik”.

KKTC universitetlərində üç yüzdən çox azərbaycanlı gənc təhsil alır

Bundan başqa, hazırda KKTC universitetlərində üç yüzdən çox azərbaycanlı gəncin təhsil aldığını deyən müsahibimiz bu rəqəmin artmasını hədəflədiklərini qeyd etdi: “Biz “bir təhsil adası” kimi formalaşdırdığımız KKTC-də yüksək keyfiyyətli ali təhsil almaq üçün bütün imkanları yaradırıq. KKTC-də ali təhsil almaq xarici ölkə vətəndaşlarına bir çox əlavə dividentlər gətirir. Təkcə bir faktı deyim ki, hazırda KKTC-də yüzdən artıq ölkədən xarici tələbə təhsil alır. Eyni zamanda 40-dan artıq ölkədən müəllim KKTC universitetlərində dərs deyir. Bu isə KKTC-də ali təhsil alan gənclərin həm də müxtəlif mədəniyyətlərin təmsilçiləri ilə tanış olmaq imkanı əldə etməsi deməkdir. Təbii ki, yüksək keyfiyyətli ali təhsil almaq imkanı da öz yerində”.

Birliyimizin daha da güclənməsinə ehtiyac var

Müsahibimiz sonda birlik və bərabərlik mesajı da verdi: “Hazırda qlobal məkanda cərəyan edən proseslər milli siyasət həyata keçirən ölkələrin daha ehtiyatlı davranmasını tələb edir. Bu ehtiyatlılıq isə həm də gözlənilən təhlükələrə qarşı vahid müdafiə sistemi yaratmaqdan, eyniköklü ölkə və xalqların bir olmasından keçir. Bu mənada türk dünyasının mövcud təhlükələrə qarşı dik dayanması üçün birliyimizin daha da güclənməsinə ehtiyac var. Türkiyənin sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dediyi kimi bir olalım, iri olalım, diri olalım. Bu birliyin daha da möhkəm olması isə həm də elm, təhsil sahəsində əlaqələrin güclənməsindən keçir”.

Mission News Theme by Compete Themes.