Son yeniləmə: 30 May 2024 19:58
BAYRAQDAR MEDİA – Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rəsm sərgisi keçirilib.
Sərgidə AMEA Rəyasət Heyəti və elmi müəssisələrinin, eləcə də MEK əməkdaşlarının 15 yaşa qədər övladlarının əl işləri nümayiş olunub.
Sərgi zamanı çıxış edən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dos. Xəzər Zeynalov, AMEA-nın baş mütəxəssis elmi işçisi, rəssam dizayner Minayə Feyzullayeva sərgi haqqında fikirlərini bölüşüblər. Bildiriblər ki, uşaqların təxəyyüllərinin nəticəsi olan bu əsərlərdə vətənpərvərlik, gözəllik, saflıq, milli mənəvi dəyərlər tərənnüm olunub. Çıxış edənlər eləcə də bu əsərlərin təsviri sənətin rəngkarlıq, qrafika janrlarının gözəl nümunələri olduqlarını deyərək Azərbaycanın gələcəyi olan bu övladlara uğurlar diləyiblər, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik ediblər.
Sərgi haqqında MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb: “Bu gün AMEA-da çalışan əməkdaşların 15 yaşadək olan övladlarının sərgisini keçiririk. Sərgini keçirməkdə məqsəd uşaqların əl işlərinə rəssamlar tərəfindən dəyər verildiyini görməkdir. Həmçinin istəyirik ki, uşaqlar görsünlər onların əziyyət çəkib ərsəyə gətirdikləri əl işləri diqqətdən kənarda qalmır. Qeyd edim ki, sərgidə AMEA əməkdaşlarının 40-a yaxın övladının 100-dən çox əsəri nümayiş olunur. Bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edirik, onlara gözəl gələcək, uğurlar diləyirik”.
Sonda əl işləri nümayiş olunan uşaqlara MEK-in təşəkkürnamələri təqdim edilib.