BAYRAQDAR MEDİA – Yallı Azərbaycanın ən qədim rəqslərindən biridir. Şərur yallısı isə Naxçıvan bölgəsinə xas olan rəqs növüdür.
Şərur Xalq Yallı Ansamblı, onun fəaliyyəti haqqında Ansamblın bədii rəhbəri, Əməkdar artist, iki dəfə Prezident mükafatına layiq görülmüş Əfsər Novruzov ilə həmsöhbət olduq. Onu da qeyd edək ki, bu il sözügedən Ansamblın 95 illik yubileyidir.
Əməkdar artist öncə bizə rəhbəri olduğu Ansamblın tarixi haqqında məlumat verdi: “Bildirim ki, Şərur Xalq Yallı Ansamblının əsası 1929-cu ildə qoyulub. Kollektivin tanınmasında və repertuarının genişlənməsində dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük xidmətləri olub. Yarandığı gündən qısa müddət ərzində Ansamblın kollektivi dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edib, diplom və mükafatlara layiq görülüb. Həmçinin müstəqillik dövründə Ansamblın müxtəlif uğurları olub. Onu da deyim ki, indiyə kimi Şərur yallısı bu qədər inkişaf etməmişdi. Əvvəllər də hansısa kənd mədəniyyət evlərində fəaliyyəti olub. Amma hazırkı dövrdəki qədər geniş fəaliyyəti olmayıb. Mən 1998-ci ildə ilk dəfə həvəskar kimi bu yallı kollektivinə qoşuldum və 13 ildən artıqdır bu Ansamblın bədii rəhbəriyəm. İşlədiyim zamanda çalışmışam ki, Şərurun hər bir kəndində yallı qrupları olsun, bu ənənə davam etsin”.
Ə.Novruzov ermənilərin yallını öz adlarına çıxmaları haqqındakı fikirlərə də aydınlıq gətirdi: “İlk dəfə bağçada yallı üzrə hazırlıq keçdiyim illərdə bizim mənfur düşmənlərimiz üstümə çox düşmüşdülər. Hazırda da bunu davam etdirirlər. Onlar deyirlər ki, yallı bizimdir, bizə məxsusdur. Onu bildirim ki, yallı bizim ulu babalarımızdan qalan bir əmanətdir. Erməni heç zaman deyə bilməz ki, yallı bizimdir. Çünki mənim babamın, hətta babamın babasının oynadığı yallıya erməni heç zaman özününkü deyə bilməz. Hətta bizim hörmətli akademikimiz İsa Həbibbəyli də deyir ki, hansı bölgədə ki, yallı geniş yayılaraq qorunursa, ora oğuz-türk yurdudur. Yallılarımızda oğuz babalarımızın möhürü var. Bunu da qeyd edim ki, vaxtilə Ulu Öndərimiz tez-tez Şərura gəlirdi, Sovet dövründə burada yallını görüb, çox xoşuna gəlib və deyib ki, yallı bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir, yallını qoruyub saxlayın. Elə mən də bu fikrə sadiq qalaraq Şərurda bir çox mədəniyyət müəssisələrində uşaqları, gəncləri yallı üzrə hazırlayıram, onlara yallının sirlərini öyrədirəm”.
Ansamblın bədii rəhbəri yallı rəqsini tədris etdiyi qruplar haqqında ətraflı danışdı. Bildirək ki, bu qruplar arasında müxtəlif yaş kateqoriyalarından insanlar var: “Qeyd edim ki, Şərurda dörd yallı qrupumuz var. Bunlardan bağça yaşında uşaqlar, 7-9 yaş arası Şərur inciləri, 20-40 yaş arası mənim rəhbərlik etdiyim Şərur Xalq Yallı Ansamblı, bir də 60 yaşdan yuxarı Nurani Ansamblı. Bunların hamısına mən rəhbərlik edirəm. Ümumiyyətlə, kollektivlərin məşqi, qrupların bir yerə yığılması və s. işləri icra edirəm və bununla biz yallını qorunub saxlayırıq”.
Ə.Novruzov rəhbəri olduğu ansamblın xarici səfərləri haqqında da söhbət açdı: “Qeyd edim ki, kollektivimizin xarici səfərləri də olur. Xaricdə bir çox uğurlarımız da var. 2018-ci ildə qardaş Türkiyənin Kastamonu şəhərində festivalda çıxışımız olub. Həmçinin Moskvada keçirilən bir çox tədbirlərdə iştirak etmişik. Bundan əlavə Polşanın Krakov şəhərində festivala getmişik, eləcə də Ukraynaya qastrol səfərimiz olub. Ümumiyyətlə, səfərlərimiz çox olur, bunlar içərisində isə əsasən qardaş Türkiyəyə səfərlərimiz daha çox olur. Amma mən istərdim ki, işğal altında olan torpaqlarımız azad ediləndən sonra Şərur Xalq Yallı Ansamblı olaraq biz orada Çimən kənd yallısı oynayaq. Çünki yallı bizimdir, yallıda bizim ulu babalarımızın möhürü var. Ona görə də həqiqətən çox arzulayıram, çox istərdim ki, bizim Qarabağ bölgəmizdə də Şərur Xalq Yallı Ansamblı çıxış etsin. Ümid edirik ki, yaxın vaxtlarda da orada tədbirlərimiz olar”.
Əməkdar artist rəhbəri olduğu kollektivin hər zaman dövlətin diqqətini, qayğısını hiss etdiyini vurğulayaraq buna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Bildirdi ki, bu qayğı kollektivi daha da ruhlandırır və bunun nəticəsidir ki, kollektiv tərəfindən unudulmuş yallılardan bir neçəsi bərpa edilib.
Qeyd edək ki, Şərur Xalq Yallı Ansamblının repertuarında olan “Köçəri”, “Tənzərə”, “Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
Sonda Əfsər Novruzov Ansamblın 95 illik yubileyi ərəfəsində olduqları haqqında da söz açaraq qeyd etdi ki, hazırda bu istiqamətdə hazırlıqlar gedir, Mədəniyyət Nazirliyi və digər müvafiq qurumlar yubiley ilə bağlı tədbirlər görür və böyük bir festival keçiriləcəyi planlaşdırılır.
Biz də BAYRAQDAR MEDİA olaraq 95 illiyi qeyd olunacaq Şərur Xalq Yallı Ansamblına bundan sonrakı fəaliyyətində uğurlar diləyirik!