BAYRAQDAR MEDİA – Mayın 28-də “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün Azərbaycanda səfərdə olan türk ölkələri məktəbliləri Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsini ziyarət ediblər.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən (ETN) veriblər.
Xəbərdə bildirilir ki, “məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 2020-ci ilin 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar”.
Qeyd edək ki, “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı ETN-nin təşkilatçılığı ilə 1 iyunda Şuşada başlayacaq. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.