BAYRAQDAR MEDİA – Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinin dekanları (proqram rəhbərləri) müəyyən edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub. Bildirək ki, K.Gözəlova filologiya elmləri namizədidir. O, Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan K.Gözəlova bir müddət ADU-da baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən K.Gözəlova daha sonra Qərbi Kaspi Universitetində (QKU) Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb”.
Sonra xəbərdə deyilir ki, “E.Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. O, İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu “Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. E.Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür”.
T.Qasımzadə isə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən T.Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. O, ixtisası üzrə Küveytdə yerləşən Orta Şərq Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. T.Qasımzadə, həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.