BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) Qazaxıstanda keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda Azərbaycanı təmsil edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “3-9 iyun tarixlərində təşkil olunacaq beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü və iştirakı ilə həyata keçirilir. Forumda teatrşünasların, dramaturqların, teatr rəssamlarının iştirakı ilə yanaşı, gənc rejissorların və onların hazırladıqları tamaşaların iştirakı da nəzərdə tutulub. Bu il forumda Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Sahib Əhmədov, Səbinə Haqverdiyeva, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edəcək. Forumun maarifləndirici proqramında teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, ustad dərsləri və sərgi təşkil olunacaq”.
Daha sonra xəbərdə, “eyni zamanda Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının görüşü keçiriləcək. Görüşdə İttifaqın sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov iştirak edəcək. Həmçinin forum çərçivəsində K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında iyunun 7-də ADAMDT-nin “Sənsiz” tamaşası nümayiş olunacaq. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır” deyə bildirilir.
Qeyd edək ki, rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırırlar.