Son yeniləmə: 29 May 2024 10:14
BAYRAQDAR MEDİA – Səriyyəni çoxdan tanıyıram. Lap çoxdan. Elə bilirəm ki, ümumiyyətlə onu həmişə tanımışam. Bəlkə də uşaq yaşlarımdan tanışam onunla sanki.
Amma elə deyil əslində. Səriyyə ilə biz Bakıda, yadıma gəlməyən uzaq illərin birində yəqin ki, ictimai tədbirlərdən hansındasa tanış olmuşuq.
Səriyyə həmişə dərdli olub mənim üçün. Hətta deyərdim ki, gülümsəmək istəyəndə də o gülüşün arxasındakı ağır dərdini – acısını sezmişəm. Bir Azərbaycan kişisi olaraq bu, mənə əzab verib…
Çünki Səriyyə o məşum cinayətin ağrı-acısını çiynində daşıyan, daşımaqla qalmayıb qulaqları kar, gözləri kor dünyaya hər saniyə dərdini hayqıran Azərbaycan xanımlarından biridir.
Səriyyə Xocalıdandır, Xocalının səsidir. Elə tanışlığımız da buna görədir. Biz on illərdir Qarabağ dərdini öz çiyinlərində daşıyanlarla bir addımlamışıq və həmişə də Səriyyə ön sıralarda olub.
Bir Azərbaycan xanımı, gəncliyi, ömrünün ən mənalı illəri acı bir cinayətin ağrıları altında keçən bir qadındır o…
Səriyyənin ürəkdən güldüyünü heç vaxt görməmişəm. Heç ən adi sevinci belə içdən görünməyib mənə. Onu həmişə ümumi dərdimizlə yüklənmiş, güləndə, dodağı azacıq qaçanda da bu dərdi unutmayan görmüşəm. Ürəkdən sevinə, gülə bilməyib o…
Həmişə şikayətlənərdi. Özü də narahat bir şəkildə. Hər şeydən, hər kəsdən şikayətçi idi Səriyyə. Dərdi də şəxsi deyildi, hamımızın ortaq dərdi idi.
Səriyyə bizdən fərqli idi, fərqlidir. Çünki biz ondan fərqli olaraq o dərdi şəxsi çiyinlərimiz üzərində daşımamışdıq, daşımırdıq. Biz, indiki texnologiya dili ilə desək, həmin dərdi məsafədən hiss etmişdik, elə məsafədən də yaşayırdıq. Amma Səriyyə o dərdin içində boy vermiş minlərlə Azərbaycan qızlarından biri idi, biridir. Ona görə də onun çəkdiklərini başqa qızlarımız, heç biz kişilər də yetərincə anlaya bilməzdik, bilmədik də…
İndi isə Səriyyə gülür, sevinir. Gülüşü də, sevinci də səmimidir, ürəkdəndir. Şəkillərinə baxıram, mən də sevinirəm onun yerinə. Bu sətirləri yazarkən hətta qəhərdən gözlərim də yaşarır. Çünki indi neçə-neçə Səriyyələr belə sevinir, biz də özümüzü nəhayət ki, kişi kimi hiss edirik.
Səriyyə Xocalıya köçüb. Təsəvvür edirsiniz, Xocalıya? O Xocalıya ki, 1992-ci ilin 26 fevral gecəsi erməni-rus hərbi birləşmələri altını üstünə çevirmiş, qız-gəlinlərimizi əsir götürmüş, namusumuza əl uzatmışdılar.
Həmin o məşum gecədə qansız və amansız düşmən uşaq-böyük, qadın-kişi demədən əliyalın soydaşlarımızı qanına qəltan etmişdi.
Həmin o gecədə neçə-neçə ailələr ümumiyyətlə məhv edilmiş, neçə-neçə uşaqlar atasız-anasız buraxılmışdı. Nəsli kəsilən, soyu tükənənlər olmuşdu o gecə…
Səriyyə o acıların yaşandığı Xocalının simvollarından biri idi mənim üçün. Həm də ona görə ki, bir an belə özünə dinclik vermirdi. Çarpışırdı, vuruşurdu, yeri gələndə bizim kimi ütülü adamların alışmadığı, özünə rəva bilmədiyi bir çılğınlıqla sözünü deyirdi, hayqırırdı…
Səriyyə hayqırırdı ki, günün birində Xocalıya dönsün, yenə də orada yaşasın, düşmənə göstərsin ki, biz küllərindən doğulan millətik, bizi məhv edə bilməzlər!
Səriyyə bu millətin özünü təsdiqi üçün çalışırdı bu illər ərzində!
Və Səriyyə həmişə inanırdı ki, bir gün mütləq Xocalıya dönüş başlayacaq! Səriyyə ona da inanırdı ki, o köçün başında gedənlərdən biri olacaq!
Səriyyə Xocalıda təmtəraq istəmirdi. Sadəcə oraya qayıda bilmək, o torpağa üzünü sürtmək, oranın havası ilə nəfəs alıb çadırda belə olsa yaşamaq istəyirdi.
Çox şeymi istəyirdi Səriyyə? Əlbəttə ki, yox!
İndi isə Səriyyə o qədər xoşbəxtdir ki!
Mayın 28-də, məhz Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə elan edildiyi, hazırda ölkədə Müstəqillik Günü kimi qeyd edilən bir gündə Səriyyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hüzurunda, Xocalıda ölkənin birinci xanımı Mehriban Əliyevanın əlindən yeni mənzilinin açarlarını alırdı!
Sevinməzmi Səriyyə? Xoşbəxt olmazmı Səriyyə? Axı o, Xocalıda çadırda belə yaşaya biləcəyi günün həsrətində idi. İndi isə vətəndaşı olduğu dövlətin başçısı şəxsən ona və onun kimi başqa Xocalı sakinlərinə çağdaş tələblərə uyğun tikilmiş mənzillərin açarlarını təqdim edirdi. Mərasimlə, təntənə ilə edilirdi bu iş.
Prezidentin rəsmi internet saytında yayımlanan şəkillərdə Səriyyə ön plandadır. Üzündə gerçək sevinc, xoşbəxtlik var. Bu dəfə o, növbətçi, nəzakət təbəssümü deyil, içdən gələn sevinc gülüşü bəxş edir hər kəsə.
Mən də sevinirəm Səriyyə qədər. Mən də xoşbəxtəm o və onun kimi başqa soydaşlarım qədər. İndi yalnız Xocalıya deyil, Şuşaya, Laçına, Füzuliyə, Zəngilana yerləşmiş keçmiş məcburi köçkünlərin hər biri qədər mən də məmnunam. Hələ Prezident İlham Əliyev artıq bəyan etdi ki, yaxın aylarda Xankəndiyə də köç başlayacaq. Sevinməmək mümkündürmü?..
Gözün aydın, Səriyyə! Gözünüz aydın olsun, Xocalı sakinləri! Gözün aydın, Azərbaycan kişisi! Namusumuz təmizləndi, düşmənə yeri göstərildi, indi torpaqlarımız o murdar qədəmlərdən birdəfəlik qurtuldu!
Bütün bunlar asan başa gəlmədi. Elə Səriyyə kimi qız-gəlinlərimiz də illərini ona həsr etdilər ki, bir gün bu millətin üzü qürurla gülə bilsin.
Minlərlə Azərbaycan oğlu canını, qanını fəda edərək o yurd yerlərini əsl sahiblərinə qaytarmaq üçün özünü qurban etdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin təmkinli, səbirli, uzaqgörən və ağıllı siyasəti nəticəsində Azərbaycan dövləti və xalqı öz halalca torpaqlarını məhz öz gücünə işğaldan azad edərək dünyanı fakt qarşısında qoydu!
Xoşbəxt ol, Səriyyə! Sən evinə – Xocalıya döndün artıq! Biz də rahatıq, biz də sevinirik. Elə sənin qədər sevinirik. Çünki sənin kimi qız-gəlinlərimiz o torpaqlara dönmədikcə, biz Azərbaycan kişiləri də rahat ola bilməzdik. İndi rahatıq. Çünki sən bundan sonra artıq kədərli Səriyyə deyilsən!
Sözardı: Yazıda adı keçən Səriyyə Müslümqızı ən fəal ictimai xadimlərdən, jurnalistlərdən biridir. O, Xocalı faciəsindən bu günə qədər bir an belə dinclik tapmadı, ölkə içində və xaricdə Xocalının hayqıran səsi oldu. Neçə-neçə kitablar yazdı, Xocalı tədbirlərini düzənlədi və həmişə də inandı ki, bir gün mütləq Xocalıya dönəcək.
Azər Həsrətin Səriyyə ilə bağlı yazısı insanı sabaha ruhlandırlr. Xoşbəxtliyin uzaqda olmadığına inandırır. Dövlətimizi, dövlətçiliyimizi xalqın yanında olduğunu, Səriyyə kimilərinin qüruru, mənliyi, həsrət sevgisinin özünə qaytarıldığını, əllərdəki açarların yer üzünün səadət açarı olduğunu, düşmənin taladığı yurd yerlərimizin açarı olduğunu ifadə edir. Xocalı bu gün əyilmiş başların qibləgahı, sınmış qürurların ucalığı, səriyyələrin yarımçıq arzusudur!