Son yeniləmə: 29 May 2024 10:21
“Azərbaycanın “yaşıl enerji” siyasəti” layihəsi çərçivəsində
BAYRAQDAR MEDİA – Mayın 27-də “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan-İtaliya: yeni enerji siyasəti və ikitərəfli əlaqələr” mövzusunda konfrans keçirilib. İtaliyanın tanınmış Peruca Universitetində keçirilən konfransda ilk olaraq “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov çıxış edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, o, tədbirin əhəmiyyəti, inkişaf edən Azərbaycan-İtaliya münasibətləri barədə danışıb.
Məlumata görə sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edib. F.Şəfiyev Azərbaycanın beynəlxalq sistemdə mövqeyi, xarici siyasət prioritetləri və bölgədəki vəziyyətlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
Peruca Universitetinin tədqiqatçı-alimləri – Francesco Randazzo, Emilio Cassese, Valentina Chabert və digərləri COP29 ölkəsi olan Azərbaycanın dünyada artan nüfuzunu, Bakı və Roma arasında əlaqələrin müsbət inkişaf dinamikasını qeyd ediblər, mövzu barədə fikirlərini bölüşüblər.
BMTM-nin şöbə müdiri Cavid Vəliyev, qurumun baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın Avrasiyada Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunun siyasi və iqtisadi aspektlərini izah ediblər.
Konfransda yaşıl enerji ixracatçısı kimi regional mövqeyini getdikcə gücləndirən Azərbaycanın yeni enerji strategiyasının mahiyyəti barədə suallar cavablandırılıb.
Peruca Universiteti 1308-ci ildən fəaliyyət göstərir. Universitetdə 25 min nəfər tələbə təhsil alır, bu qədim təhsil ocağı 1100 nəfər professor və tədqiqatçı heyətinə malikdir.
Layihə çərçivəsində qarşıdakı günlərdə də İtaliyada müxtəlif tədbirlər təşkil ediləcək.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.