BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, İran növbəti dəfə Azərbaycan dilinə hörmətsizlik edib. İranın Mədəniyyət və İslami İrşad Təşkilatı “İran azəricəsi” adlı bir “dil” ortaya atmaqla ölkədə Azərbaycan dilində kitabların nəşrinin qarşısını alır. Hətta dövlət televiziyası “Qafqaz türkcəsi” və “İran azəricəsi” kimi yeni “dillər” yaratmaqla əksər kitabların lisenziyasını rədd edərək Azərbaycan və Qarabağ kimi sözləri ciddi senzuraya məruz qoyur və bu sözlərin yerinə “Aran” işlədilməsini məqsədəuyğun bilir.
Məsələ ilə bağlı AMEA Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Bütöv Azərbaycan Ocaqları sədrinin müavini Faiq Ələkbərli BAYRAQDAR MEDİA-nın sualını cavablandırıb.
Faiq Ələkbərli bildirib ki, “İrandakı rejimin Azərbaycanın dilinə, mədəniyyətinə, varlığına dözümsüzlük nümayiş etdirməsi birinci dəfə deyil. Bu proses Güney Azərbaycan öz müstəqilliyini elan edənə qədər davam edəcək. Qarabağın Azərbaycan Respublikası ilə bütövləşməsi İranı çox narahat edir. Rejim təxminən illərdir Azərbaycan türkçəsini “İran azəricəsi” etmək istəyir. Vaxtilə Əhməd Kəsrəvilər, Mahmud Əfşarlar və başqaları bu işin tərkib hissəsi olub. Azərbaycan türk dilini inkar edib farslaşdırmağa çalışıblar. Qeyd edim ki, Azərbaycanlılar türk soyundandır. Dili türk dilidir. Azərbaycanın varlığı Turanla, türklə bağlıdır. İran rejiminin məqsədi ölkədə yaşayan türkləri, eləcə də təxminən 40 milyon Güney Azərbaycan türkünü farsizmə, irançılığa bağlamağa çalışmaqdır. Özlərində “İran Azərbaycanı”, “İran azəriləri” desələr də bu, qondarmadır. Bu saxtakarlıq da yaxın vaxtlarda darmadağın olacaq və Azərbaycanımızın bütövlüyü bu məsələyə son qoyacaqdır”.