Son yeniləmə: 29 May 2024 14:31
Nazım Çavuşoğlu: Mən xaricdə təhsil almaq istəyən azərbaycanlı gəncləri, o cümlədən müəllimləri mayın 30-da keçiriləcək sərgiyə dəvət edirəm
BAYRAQDAR MEDİA – “Öncəliklə Azərbaycana səfər etdiyimə, burada olduğuma görə çox xoşbəxt olduğumu ifadə etmək istəyirəm. Qardaş ölkəmiz olan Azərbaycanda, “tək millət üç dövlət” dediyimiz bir coğrafiyada olmağın, bura səfər etməyin qürurunu yaşayırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) milli təhsil naziri Nazım Çavuşoğlu dedi.
Onunla geniş müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik. Hələlik isə onu qeyd edək ki, Nazım Çavuşoğlunun Azərbaycana səfəri bir çox vacib və strateji məqamlarla bağlıdır.
Əvvəla KKTC-nin mili təhsil naziri mayın 30-da Bakıda keçiriləcək KKTC universitetlər tanıtım fuarında, yəni KKTC-nin universitetlərinin tanıdılması sərgisində iştirak edəcək. Nazir bildirdi ki, bu məqsədlə Bakıya KKTC-dən geniş heyət gəlib: “KKTC-də fəaliyyət göstərən universitetlərin rəhbərləri, xüsusilə dövlət universitetlərinin rektorları Azərbaycandadırlar. Biz sabahkı sərgiyə böyük önəm veririk. Əminik ki, bu sərgi iki qardaş ölkə arasındakı bağların daha da dərinləşməsinə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığın yeni və daha dinamik bir mərhələyə qədəm qoymasına təkan verəcək”.
Hazırda KKTC universitetlərində 3 yüzdən çox azərbaycanlı gəncin təhsil aldığını deyən müsahibimiz bu rəqəmin artmasını hədəflədiklərini qeyd etdi: “Biz “bir təhsil adası” kimi formalaşdırdığımız KKTC-də yüksək keyfiyyətli ali təhsil almaq üçün bütün imkanları yaradırıq. KKTC-də ali təhsil almaq xarici ölkə vətəndaşlarına bir çox əlavə dividentlər gətirir. Təkcə bir faktı deyim ki, hazırda KKTC-də yüzdən artıq ölkədən xarici tələbə təhsil alır. Eyni zamanda 40-dan artıq ölkədən müəllim KKTC universitetlərində dərs deyir. Bu isə KKTC-də ali təhsil alan gənclərin həm də müxtəlif mədəniyyətlərin təmsilçiləri ilə tanış olmaq imkanı əldə etməsi deməkdir. Təbii ki, yüksək keyfiyyətli ali təhsil almaq imkanı da öz yerində. Mən xaricdə təhsil almaq istəyən azərbaycanlı gəncləri, o cümlədən müəllimləri mayın 30-da keçiriləcək sərgiyə dəvət edirəm. Əminəm ki, bu sərgi onlar üçün mühüm məqamlarla yadda qalacaq və gələcək addımlarında istiqamətverici tədbir kimi mühüm rol oynayacaq”.
N.Çavuşoğlu əlavə etdi ki, səfər zamanı, həmçinin ikitərəfli görüşlər də nəzərdə tutulub: “Mənim həm Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə, həm də Azərbaycanın elm və təhsil naziri ilə görüşlərim planlaşdırılıb. Həmçinin KKTC-dən olan rektorlar burada bir neçə universitetdə olacaq, görüşlər keçirəcəklər. Bu görüşlərdə iki qardaş ölkənin təhsil sahəsində gələcək əməkdaşlıqları müzakirə ediləcək”.
İyunun 1-də isə KKTC-nin milli təhsil naziri Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasında iştirak edəcək.