BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib. 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb”.
İclasda imtahan sessiyasının 2024-cü ilin iyun ayının 3-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 30 may, təkrar yekun dövlət imtahanlarının isə 24 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.