Son yeniləmə: 27 May 2024 11:13
BAYRAQDAR MEDİA – Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) 23-26 may tarixlərində UNEC-in təşkil etdiyi “VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi konfrans (İSCEMR)” çərçivəsində “Türk dünyasında yaşıl və dairəvi iqtisadiyyat: Keçid üçün yol xəritəsı” mövzusunda panel təşkil etdi.
Bu barədə BAYRAQDAR MEDİA-ya TUDİFAK-dan məlumat verilib.
Bildirilib ki, “Prof. Dr. Hayati Beşirlinin moderatorluğu ilə keçirilən paneldə Prof. Dr. İlhan Öztürk (Birləşmiş Ərəb Əmirlikləri), Prof. Dr. Ayfer Gedikli (Türkiyə), Prof. Dr. Dinmuhammed Kelesbayev (Qazaxıstan) və Dos. Dr. Mariya Koçkorbayeva (Qırğızıstan) məruzəçi qismində iştirak edib. TİKA və Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən dəstəklənən paneldə türk dünyasında yaşıl iqtisadiyyatla bağlı atılan addımlar müzakirə edilib”.
Məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən və böyük marağa səbəb olan paneldə açılış nitqi ilə TUDİFAK dekanı Prof. Dr. Mehmet Yüce çıxış edib.
Çıxışında Prezident İlham Əliyevin “Ailəmiz türk dünyasıdır. Biz bu ailənin üzvü olmaqdan çox xoşbəxtik” sözlərini xatırladan Prof. Dr. Mehmet Yüce daha sonra deyib: “Türk dünyası ailəsi köklü keçmişi, böyük sivilizasiyası, parlaq tarixi, 300 milyon əhalisi, 4,5 milyon km2 coğrafiyası, 4 trilyon dollar alıcılıq qabiliyyəti, 1,7 trilyon dollarlıq xarici ticarət həcmi olan böyük bir ailədir. Türk dövlətləri, Asiya ilə Avrupa qitəsində yer alan türk dünyası coğrafiyası eyni amanda Doğu ilə Batı arasında ticarət tranzit marşrutu üzərində yerləşməklə dünyanın geosiyasi mərkəzində yerləşən müstəsna strateji əhəmiyyətə malik regiondur”.
O, türk dünyasının türk dövlətlərindən anlayışından daha geniş bir anlayış olduğunu və bu anlayışın “Müstəqil türk cümhuriyyətləri, Muxtar türk cümhuriyyətləri, – müxtəlif dövlətlərdə yaşayan türk toplumları və xaricdə yaşayan türkləri” də əhatə etdiyini bildirib.
M.Yüce bioloji cəhətdən türk olmasa da, mədəni baxımdan özlərini türk hesab edən topluluqların, türklərlə sıx əlaqəsi olan qohum toplumların və dövlətlərin də türk dünyasında yer alması lazım olduğunu vurğulayıb.