Türkiydən olan 28 şəhid ailəsi üzvü Azərbaycanda səfərdədir
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa və Ankara şöbəsindən 28 şəhid ailəsi üzvü Azərbaycanda səfərdədir.
26-28 may 2024-cü il tarixlərini əhatə edən səfərdə məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirməkdir.
BAYRAQDAR MEDİA xəbər verir ki, “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr, eləcə də Şuşa şəhərinə səfər nəzərdə tutulur.
28 May – Müstəqillik Gününə həsr olunan layihə çərçivəsində qonaqlar öncə Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Hərbi Qənimətlər Parkında şəhid ailə üzvlərinə Vətən müharibəsi zamanı əldə edilmiş qənimətlər barədə məlumat verilib.
Bakı şəhəri ilə tanışlıq çərçivəsində isə Bulvar ərazisinə və İçərişəhərə ekskursiya edilib.
Öz növbəsində “YAŞAT” Fondundan verilən məlumata görə, səfər, həmçinin “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə reallaşıb.