BAYRAQDAR MEDİA – Qardaş Türkiyə “Avroviziya” Mahnı Yarışmasının cinsiyyətsizləşdirmə siyasəti yürütdüyünü əsas gətirərək müsabiqədə iştirakdan imtina etsə də Azərbaycan 2008-ci ildən burada iştiraka davam edir. Son illər yarışma Azərbaycanda ictimai narazılığı daha da gücləndirib.
Məsələ ilə bağlı BAYRAQDAR MEDİA-nın sualını cavablandıran sosioloq Elçin Bayramlı “Avroviziya” Mahnı Yarışmasını cinsi azlıqlar festivalı adlandırıb: “Təəssüf edirəm ki, 2008-ci ildə biz yarışmaya qoşulduq. Faktiki olaraq biz türk, müsəlman xalqıyıq. Bərbəzəkli təbliğ olunan “Avroviziya” müsabiqəsinin məqsədi bütün dünyada hamıya məlumdur. Bu yarışma cəmiyyətimiz, xalqımız üçün qəbulolunmazdır. “Avroviziya” Mahnı Yarışmasında açıq şəkildə əxlaqsızlıq və pozğunluq təbliğ olunur. Bu, açıq satanist festivalıdır. Ona görə də biz ölkə və xalq olaraq bu festivaldan aralı durmalıyıq. Biz özümüzün milli, mənəvi, şərq dəyərlərini qoruyub saxlamalıyıq. Cənab prezident də dəfələrlə çıxışlarında deyib ki, biz heç bir Avropa ölkəsinə inteqrasiya etməyəcəyik. Eləcə də rəsmi bəyan edib ki, “Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti öz mili-mənəvi dəyərlərinin bazası üzərində inkişaf edəcək”. Ona görə də bizim media bu siyasi kursu əsas götürməlidir. İnteqrasiya elmdə, texnologiyada, təhsildə, sosial hüquqlarda olarsa, normaldır. Mənəvi və mədəniyyət məsəllərində inteqrasiyanın adı mənəvi terrordur. Son 20-30 ildə aparılan inteqrasiyada gənclərə subliminal mesaj ötürülərək təsir edilir. Bizim möhtəşəm ailə institutumuz darmadağın edilir. Boşanmaların sayına görə 50 faizlə dünya lideriyik. Əxlaqsızlıq baş alıb gedir. Gənclərin tərbiyəsində çox ciddi problemlər var. Mənəvi cəhətdən sağlam olmayan cəmiyyət fiziki cəhətdən də sağlam ola bilmədiyi kimi normal inkişaf da edə bilməz. Ancaq öz dəyərlərimizi qorumaqla inkişaf edə bilərik”.
Əməkdar artist, Qaya Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva isə BAYRAQDAR MEDİA-ya açıqlamasında “Avroviziya” Mahnı Yarışmasının şou xarakterli olduğunu bildirdi: “Düşünmürəm ki, müsabiqədən imtina etməklə biz gəncliyimizi və yaxud cəmiyyətimizi nədənsə qoruya biləcəyik. Sosial şəbəkələrdə informasiya əlçatan olduqca, təbii ki, biz heç nə edə bilməyəcəyik. Müsabiqədə baş verənlər göz önündədir. Peşəkar musiqiçi kimi gənc ifaçılarımız üçün müsbət tərəfini demək istəyirəm. Hər il bu müsabiqəyə can atan və dünya arenasına çıxmaq istəyən neçə gənclərimiz var. Onlar bu müsabiqəyə dünyaya bir pəncərə kimi baxır. Azərbaycanın “Avroviziya” Mahnı Yarışmasında iştirak edib-etməməsi dövlət səviyyəsində həll olunan məsələdir. Bu günə qədər iştirak ediriksə, deməli, belə məsləhətdir. Amma müsabiqə göründüyü kimi sırf musiqi müsabiqəsindən daha çox şouya və nələrinsə təbliğinə yönəlib. Müşahidələrimə əsasən son illər əvvəlki illərə nisbətən Azərbaycan tamaşaçısı “Avroviziya”ya o qədər də baxmır, izləmir”.