Press "Enter" to skip to content

Bakıda Ali Kınık ruzigarı

Ali Kınık səhnədə

Son yeniləmə: 29 May 2024 14:50

BAYRAQDAR MEDİA – Ötən həftəsonu qardaş Türkiyənin sevilən sənətçisi Ali Kınık Azərbaycana gəldi. Onun Bakıda – Heydər Əliyev Sarayında Yaz Media Qrupun təşkilatçılığı ilə “Yalnız değilsin” adlı solo konserti keçirildi.

Mən də konsertə xüsusi sevinclə getdim. Sən demə sevilən sənətçinin Bakıda ilk konserti imiş. Özü də qeyd etdi ki, konsert düz iki dəfə ləğv edilib.

Konsertə “Ya bismilllah” deyərək başlayan sənətçi Azərbaycanda sevənləri qarşısında çıxış etməyin onun üçün böyük sevinc olduğunu hər sözündə, ifasında bildirdi və böyük həvəslə yazdığı, bəstələdiyi türk dünyasını tərənnüm edən əsərlərini sevənləri üçün oxudu. Onun səhnə performansını izləmək mənə çox xoş təsir etdi, hətta bir neçə mahnını onunla birlikdə oxudum.

A.Kınık konsertdə “Yalnız değilsin”, “Kurtlar sofrası”, “Koca reis”, “Türkün gücü”, “Ali Ayşeyi seviyor” və s. bir çox mahnılarını, həmçinin “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdi.

Türk birliyini simvolizə edən konsert zamanı İstanbul Haydarpaşa Yüksek Öğrenci qrupunun şəhid övladlarından ibarət “Zəfər sədası” qrupu ilə birgə dostluq-qardaşlıq dueti olan, sözləri Baba Vəziroğluna, musiqisi isə Gövhər Həsənzadəyə aid “Türk övladı” marşı səsləndirildi.

“Zəfər sədası” qrupunun səhnəyə ilk yolunun A.Kınıkla başlamasının təsadüf olmadığı qeyd edildi. Həmçinin torpağa, vətənə bağlı Türk dünyasını tərənnüm edən sənətkarın müqəddəs amallar uğrunda canından keçən şəhid övladları ilə birlikdə ifasının çox uğurlu başlanğıc olacağı vurğulandı.

Sənətçi sonda konsertə gəldikləri üçün hər kəsə dərin təşəkkürünü bildirdi.

O, başladığı kimi “Ya bismillah” sözü ilə də konserti bitirdi, sevənləri ilə növbəti konsertədək sağollaşdı. Onu sevənlər isə sənətçini ayaq üstdə alqış sədaları ilə yola saldı.

Mission News Theme by Compete Themes.