Son yeniləmə: 27 May 2024 19:09
BAYRAQDAR MEDİA – Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında maraqlı bir açılış olmuşdu. Onda təəssüf eləmişdim ki, orada deyiləm. Amma düşünürdüm ki, günün birində gedib həmin o açılışı edilən Mərkəzi görər, daha yaxından tanış olaram.
Beləliklə, mayın 24-də dəyərli dostum, filialın direktoru Yusif Alıyevlə vədələşib Qubaya yollandım.
Sözügedən Mərkəz və filial haqqında danışmazdan öncə deyim ki, Quba özünün səliqə-sahmanı, nizam-intizamı ilə diqqət çəkir. Abaddır, özəlliklə də mərkəzi küçələr geniş və baxımlıdır. Ara küçələr də yaxşı vəziyyətdədir. Yalnız yollarda həddən artıq çox sayda yol polisi var. Bax, bunu heç anlamadım. Bizim Xaçmazda da yol polisləri gözə dəyir. Amma o qədər deyil. Ara-sıra. Lakin Xaçmazdan Quba rayonuna keçincə yol boyu bir neçə yerdə polislərə rast gəldim. O azmış kimi, şəhərin içində də bir neçə yerdə polislər dayanıb. Bəzən bir neçə DYP maşını birlikdə xidmət aparır. Fövqəladə haldırmı? Bilmədim…
İndi isə keçək ADPU Quba filialına. İlk dəfə idi ora gedirdim. Və ilk dəfənin təəssüratları möhtəşəmdir!
Girişdən hiss olunur ki, bura nizam-intizamın yüksək olduğu abad bir yerdir. Binalar təmirlidir, həyət tərtəmiz və yamyaşıldır. Gənclər ara-sıra yaşıl çəmən üzərində oturub söhbət edir, deyib-gülürlər. Əsl Quba ovqatı var burada.
Direktorun qəbuluna yollanıram. Yusif müəllim şəxsən qarşılayır və daha bir qonağını təqdim edir. “Yəqin tanışsınız da” deyir. Deyirəm ki, “nəsə xatırlamağa çalışıram, amma yaddaşım mənə vəfasızlıq edir”.
Yusif müəllim təqdim edir: “Sabir müəllimdir. Sənin həmkarın”.
Cavab verirəm: “Şahtaxtı? AzərTAC-ın jurnalisti”.
Deyir, “hə, özüdür”. Və yadıma düşür ki, bir neçə il öncə (necə deyərlər, COVID19-a qədər) biz görüşmüşdük. Sabir bəy mənə kitablarını da hədiyyə etmişdi. Elə mən də ona bir kitabımı hədiyyə etmişdim. Ümumiyyətlə deyim ki, Sabir Şahtaxtı çox dəyərli jurnalist, çalışqan və məsuliyyətli vətəndaşdır.
Beləcə xatirələr çözələnir, bəlli olur ki, tam təsadüf nəticəsində ikimiz eyni vaxtda Yusif müəllimi görməyə gəlmişik…
Çay süfrəsi arxasında söhbət edirik, olduqca maraqlı, ortaq yönlərimiz var. Sabir bəy özəlliklə də kriminal xəbərlərin mediada geniş ayaq açmasından gileylənir. Sözünə qüvvət olaraq deyirəm ki, “biz BAYRAQDAR MEDİA-da ümumiyyətlə kriminal xəbərlər vermirik. Çünki pis xəbərlər cəmiyyətə də pis ovqat aşılayır, yoluxucu olur”. Sabir bəy buna çox sevinir və deyir ki, “şadam, çünki belə düşünən tək mən deyilmişəm”…
Sonra özümlə gətirdiyim “Mən tanıqlıq edirəm” adlı sənədli romanımı imzalayaraq Sabir bəyə, Yusif müəllimə və filialın kitabxanasına hədiyyə edirəm.
Ardından da filialla tanışlıq başlayır. Məqsədim açılışı olmuş Mərkəz haqqında yazmaq olduğu üçün digər müşahidələrimi hələlik burada qələmə almıram. Sadəcə deyirəm ki, olduqca abad, mükəmməl və nizamlı bir ortam var içəridə də.
Daha sonra birlikdə mənim hədəfimə doğru yollanırıq. Bura Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzidir. Bəli, mayın 3-də məhz bu Mərkəzin açılışı olmuşdu.
Adından da göründüyü kimi, ağırlıq Azərbaycan-Özbəkistan münasibətlərinə verilib. Amma bərabər şəkildə türk dünyası ilə bağlı görüntülər, tərtibatlar da göz oxşayır.
Yusif müəllim ideyanın özünə aid olduğunu deyir. Bildirir ki, Azərbaycan dövlətinin strateji maraqları və Prezident İlham Əliyevin bu yöndə gördüyü işlərdən ilhamlanaraq filialda belə bir Mərkəz yaratmaq fikrinə düşüb. O, qeyd edir ki, bir təhsil qurumunun rəhbəri olaraq yetişməkdə olan gənc nəslin doğru və dövlətə faydalı istiqamətdə tərbiyə edilməsinin məsuliyyətini heç vaxt unutmur.
Yusif müəllim hər bir lövhənin qarşısında dayanır, oradakı görüntülər haqqında həvəslə məlumat verir. Biz də həmkarım Sabir bəylə birlikdə onu həm həvəslə dinləyir, həm də öz fikirlərimizi deyirik.
Ümumi dəhlizdən başlayaraq divarlar türk dünyası görüntüləri ilə bəzədilib. Daha sonra Mərkəzin girişi, qapının arxasındakı dəhlizdə də bənzər görüntülər var. Lap içəridə isə müzakirə və təqdimatlar üçün geniş zal ayrılıb. Bu zalda Türk Dövlətləri Təşkilatının və onun üzvü olan bütün dövlətlərin iri ölçüdə bayraqları sıralanıb. Bir tərəfdə Özbəkistanın mərhum Prezidenti İslam Kərimov, digər tərəfdə də Ulu Öndər Heydər Əliyevin portretləri asılıb. Qarşı divarda isə Azərbaycan və Özbəkistan prezidentlərinin böyük ölçülü şəkli, onun sağ və solunda uyğun olaraq hər iki ölkə ilə bağlı məlumat lövhəsi var.
Burada da Yusif müəllim görülən işlərlə bağlı danışır. Hiss olunur ki, bir filial direktoru kimi işini sevməklə qalmır, eyni zamanda bu cür strateji məsələlərə də vaxt, enerji, yeri gələndə pul xərcləyir.
Sevinirik. Çünki bir təhsil qurumunun başında belə bir vətənsevər, dövlət siyasətini düzgün anlayan və onun tətbiqinə töhfə verməyi amalı sanan bir peşəkar var…
ADPU Quba filialı ilə tanışlığımızı sərin bir guşədə çay süfrəsi arxasında başa vururuq. Burada da maraqlı söhbətlər edib bir-birimizi daha da həvəsləndirməyə çalışırıq. Üçümüzün də fikri eynidir: hər kəs – təhsil işçisi də, jurnalist də Azərbaycan dövlətinin strateji maraqlarına uyğun işlərə mütləq töhfə verməlidir. Və birlikdə sevinirik ki, belə töhfələri Yusif müəllim verir. Özü də bol-bol…
Sözardı: Doymaq bilmədiyimiz söhbət əsnasında Yusif müəllim qubalılar haqqında da xoş sözlər deməkdən qalmır. O, buranın yüksək intellektual potensialı, insanlarının səmimiyyətindən ağız dolusu danışır. Sevinir ki, Azərbaycanın ən gözəl guşələrindən birində işləyir və yerli camaatla qaynayıb-qarışması çətin olmayıb.