BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ziyalılarla görüş” layihəsi çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və İnstitutun şöbə müdiri, Prof. Füzuli Qurbanov ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə E.Mədətli və Aİİ Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Anar Qafarovun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” kitabının təqdimat mərasimi keçirilib. Aİİ rektoru, Dos. Aqil Şirinov E.Mədətli haqqında İnstitut heyətinə və tələbələrə geniş məlumat verib. E.Mədətlinin böyük tarixçi alim olduğunu qeyd edən A.Şirinov vurğulayıb ki, H.Əliyev irsini dərindən tədqiq edən alim Ulu Öndərin fəaliyyətini konkret faktlarla dəqiq təqdim edə bilir. A.Şirinov geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” kitabının gələcək nəsillər üçün nümunə olacağına əminliyini ifadə edib”.
Daha sonra xəbərdə, “E.Mədətli Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. O, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra H.Əliyevin rəhbərliyi ilə beynəlxalq əlaqələrin inkişafından, qonşu xalqlar və dövlətlərlə dostluq əlaqələrinin vüsət tapmasından söhbət açıb. Məruzəçi daha sonra Pakistan, Əfqanıstan və Ukraynada səfir işlədiyi vaxtlardan, eləcə də həmin ölkələrin tarixindən bəhs edib. Həmçinin səfir işlədiyi dövrlərdə Pakistan haqqında yazdığı əsər haqqında məlumat verib. Sonra A.Qafarov həmmüəllifi olduğu kitab haqqında danışıb. Bildirib ki, kitabda Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında, dövlətçilik şüurunun, milli-mənəvi özünüdərkin, kimliyin bərqərar edilməsində, qayəsini və mayasını azərbaycançılığın təşkil etdiyi ideologiyanın formalaşdırılmasındakı xidmətləri tarixi-fəlsəfi təhlilə cəlb edilmişdir. A.Qafarov vurğulayıb ki, əsərdə, eyni zamanda, Azərbaycanda milli dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi, adət-ənənələrin, milli-mənəvi dəyərlərin ümumbəşəri amillərlə ahəngdar əlaqələndirilməsi istiqamətində H.Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi əksini tapıb” deyə qeyd edilir.
F.Qurbanov çıxışında H.Əliyevin yüksək zəka, hərtərəfli dərin bilik, nümunəvi ictimai-siyasi fəaliyyət sahib olmasından bəhs edib. Professor Ümummilli Liderin gənclərə tövsiyələrindən danışıb, gənc nəslin dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsində fəal olmalarının əhəmiyyətini vurğulayıb.
Sonda AMEA alimlərinə suallar ünvanlanıb.