Son yeniləmə: 24 May 2024 18:34
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) 28 may – Müstəqillik Günü ilə bağlı Şəkidə maarifləndirici aksiya və “İlk tibbi yardım – ikinci həyata addım” adlı fləşmob təşkil edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Nazirliyin Şəki Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya, avtomobil qəzası, bədbəxt hadisələr və digər fövqəladə hallar zamanı zərərçəkən və xəsarət alan şəxslərə həkiməqədər ilk tibbi yardım qaydaları əyani şəkildə nümayiş etdirilib. Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb. Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub. Daha sonra Kollecin tələbələrinin iştirakı ilə “İlk tibbi yardım – ikinci həyata addım” adlı fləşmob təşkil olunub. Fləşmobda kollecin tələbələri tərəfindən Müstəqillik Gününə həsr olunan “28 May” sözləri vizual olaraq nümayiş etdirilib”.
Daha sonra xəbərdə, “həmçinin, “İlk tibbi yardımı öyrən – tətbiq et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub. Tədbir zamanı xeyriyyə məqsədli kampaniya da keçirilib. Kampaniyada kollec tələbələrinin hazırladığı əl işləri, suvenirlər və digər məhsulların satışından əldə olunan vəsait Şəki Şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan uşaqlara “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə hədiyyələrin alınmasına yönləndirilib” deyə bildirilir.
Qeyd edək ki, gələcəkdə SN maarifləndirici aksiya və fləşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.