Son yeniləmə: 24 May 2024 09:28
BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlaxda intensiv meyvə bağlarına, tingçilik, heyvandalıq təsərrüfatlarına, soğan və pambıq əkin sahələrinə baş çəkib, fermerlərlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “nazir əvvəlcə rayonun Nemətabad kəndində fermer Abbasqulu Quliyevin pambıq əkini sahəsi ilə tanış olub. Pambıqçılığın gəlirli sahə olduğunu deyən fermer 11 ha sahədə pambıq əkini aparıldığını diqqətə çatdırıb. Açıq səma altında keçirilən görüşdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirləri istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri bu sahəyə marağın yüksəlməsinə, fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir”.
Məlumatda, həmçinin “görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb” deyə qeyd edilib.
Vurğulanıb ki, daha sonra nümayəndə heyəti fermer Abbasqulu Quliyevə məxsus 400 baş xırdabuynuzlu heyvanın saxlandığı heyvandarlıq təsərrüfatında olub, heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb: “Nazir Məcnun Məmmədov Aran qəsəbəsində yerləşən intensiv meyvə və tingçilik təsərrüfatına baş çəkib, fermerlərlə intensiv bağların genişləndirilməsi, tingçilik sahəsinin inkişafı ilə bağlı müzakirələr aparıb. Nümayəndə heyəti intensiv üsulla əkilmiş soğan sahəsində olub, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildirib ki, məhsuldar toxumların səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il soğan ixracından daha çox gəlir əldə edəcəklərini bildiriblər”.
Qeyd edilib ki, daha sonra Qoyunbinəsi kəndində camışçılıq təsərrüfatına baxış keçirilib, fermerlə bu sahənin inkişafı ilə bağlı söhbətlər aparılıb: “Görüşlərdə fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib, kənd təsərrüfatı məhsul istehsalçıları dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər”.