BAYRAQDAR MEDİA – 22-24 may tarixlərində qardaş Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov iştirak edib.
Bu barədə xəbəri Ali Məhkəmənin mətbuat xidməti yayıb.
Konfransda çıxış edən İnam Kərimov bildirib ki, “türk dövlətləri ilə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir. Hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsini və region ölkələrinin inteqrasiyasını şərtləndirir”.
Xəbərdə deyilir ki, “toplantıda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının baş katibi Atilla Öztürk, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Şurası İdarə Heyətinin sədri Yılmaz Tunç çıxış edərək türk ölkələri arasında hər sahə üzrə olduğu kimi, məhkəmə-hüquq orqanlarının əməkdaşlığının da inkişafının əhəmiyyətini qeyd edib, bu baxımdan keçirilən tədbirlərin zəruriliyini vurğulayıb”.
Qeyd edilib ki, “bu gün hüquq sistemləri bir çox qlobal və yerli çağırışlarla üz-üzədir. Bu çağırışlar ədalət mühakiməsinin həyata keçirilməsində müasir kommunikasiya texnologiyaları, süni intellektin və digər mütərəqqi təcrübələrin daha da dərindən tətbiq edilməsidir. Azərbaycanda da elektronlaşma, müasir texnologiyaların istifadəsi sahəsində son illər əsaslı irəliləyiş əldə olunub. Qarşılıqlı görüşlər hakim korpusunun yetişdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək”.
Məlumata görə, konfransda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısının gələn il Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.