BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Bakı Gəmiqayırma Zavodunun nümayəndələri arasında görüş keçirilib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən verilib.
Xəbərdə deyilir ki, “görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və hər iki qurumun nümayəndələri iştirak edib. Mustafa Abbasbəyli ilk olaraq Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verərək özəl sektordan olan işəgötürənlərlə əməkdaşlıq edildiyini, işəgötürənlərin tələbləri əsasında qısa müddətdə ixtisaslı kadr hazırlığının həyata keçirildiyini vurğulayıb”.
Elşad Nuriyev Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti barədə məlumat verərək bildirib ki, “zavod genişmiqyaslı xidmət göstərən yüksək keyfiyyətli gəmilər istehsal etməklə nüfuz qazanıb”.
Məlumata görə, görüşdə hər iki qurum arasında peşə hazırlığı istiqamətində birgə əməkdaşlığın qurulması, hazırlıq kurslarının təşkili və kursları uğurla başa vuran şəxslərin Zavodda işlə təmin edilməsi məsələləri müzakirə edilib, “Əmək və məşğulluq” altsistemindən istifadənin üstünlükləri barədə məlumat verilib.
Daha sonra Agentliyin nümayəndələri Bakı Gəmiqayırma Zavodunun ərazisi və fəaliyyəti ilə tanış olub.