Son yeniləmə: 24 May 2024 12:22
Orhan Çinar: 23 yaşlı AK Partini bir çinar kimi təsəvvür etsək, təbii ki, bu çinarın da çürüyən, zəif düşən budaqları ola bilər
BAYRAQDAR MEDİA – “31 martda Türkiyədə keçirilən yerli seçkilər bir çox cəhətdən yaddaqalan oldu. Bu seçkilərin AK Parti üçün bir neçə məqamla bağlı faydası oldu. Ən əsası AK Parti bu seçkilərdən sonra çatışmazlıqlarının nə olduğunu tam şəkildə gördü”.
Bunu qardaş Türkiyədən ölkəmizə səfərə gələn siyasi danışman Orhan Çinar BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib.
Məlumat üçün bildirək ki, Orhan Çinar əmək fəaliyyətinə ədəbiyyat müəllimi kimi başlayıb. Bir müddət sonra bu peşədə kifayət qədər irəliləyiş əldə etdiyini düşünərək mediada fəaliyyətə başlayıb. Haber7, Kanal7, Ülke TV və bu kimi kanallarda televiziya proqramları hazırlayıb və müəllif yazıları ilə çıxış edib. İndi o, karyerasını siyasi danışman (məsləhətçi) və karyera koçluğu edərək davam etdirir.
Bizimlə söhbətində O.Çinar “qardaş Azərbaycanı görmək, tanımaq, burada hər hansı sahədə faydalı olmaq üçün gəlmişəm” deyib.
Qeyd edək ki, Orhan Çinar BAYRAQDAR MEDİA-ya həm türk dünyası, həm Türkiyə, həm də qardaş ölkədəki siyasi proseslərlə bağlı maraqlı müsahibə verib. Müsahibəni yaxın günlərdə təqdim edəcəyik.
Hələlik isə onu qeyd edək ki, O.Çinar 31 mart seçkilərindən sonra AK Partidə dəyişikliklərin olmasını qaçılmaz hesab edir: “Hesab edirəm ki, bu seçkilərdən sonra AK Partidə dəyişikliklər qaçılmazdır. Əslində, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan seçkilərdən sonra etdiyi çıxışlarda da bu məqamın üzərində xüsusilə dayandı. Sayın Erdoğan “bizə yük olan hər kəs ya özü getsin, ya da biz göndərəcəyik” mesajını verdi. Bu, açıq deyil, mən deyərdim ki, apaçıq bir mesajdır. Əgər partiyaya, dövlətə, millətə, Vətənə faydan yoxsa o zaman kənara çəkilməlisən. Onu da deyim ki, artıq bu mesajdan dərs çıxarıb partiyada tutduqları postlardan geri çəkilənlər var. Yəni həqiqətən də bu müqəddəs davaya lazımi şəkildə xidmət edə bilmədiklərini anlayanlar tutduqları postları könüllü olaraq tərk etməyə başlayıblar”.
Orhan Çinar deyib ki, əslində buna bir ağac budamaq kimi yanaşmaq olar: “Əgər bir ağac yaşlandıqca budanmazsa meyvədən budaqları qırılar. Biz də nə etməliyik, bu ağacı budayıb, daha da inkişaf etməsinə çalışmalıyıq. Bu baxımdan 23 yaşlı AK Partini də bir çinar kimi təsəvvür etsək, təbii ki, bu çinarın da çürüyən, zəif düşən budaqları ola bilər. Həmçinin ağacın bir yerlərinə qurd da girə bilər. Ona görə də bu çinarın çürüyən, zəif düşən budaqlarını budamalı, lazım gəlsə qurdlardan təmizləmək üçün hətta dərmanlamalıyıq. Bütün hallarda AK Parti Türkiyə Cümhuriyyətində tarix yazıb və əminəm ki, bundan sonra daha da güclənərək yeni tarixlərin yazılmasına vəsilə olacaq”.