Press "Enter" to skip to content

Artıq elektron resept tətbiq edilir

Elektron resept

BAYRAQDAR MEDİA – Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız dövlət qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyin edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da öz növbəsində əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda şəffaf qiymətləndirmə ilə yanaşı onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir”.

Nazirlik vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə reseptlərinin təyin və təmin olunması zamanı proseslərin e-resept tətbiqi ilə aparılması üçün təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb işçiləri, həm də əczaçılardan tələb etməyə çağırıb. Həmçinin Nazirlik buna əməl edilmədiyi təqdirdə Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (WhatsApp)) əlaqə saxlamağı tövsiyə edir.

Mission News Theme by Compete Themes.