BAYRAQDAR MEDİA – İran Prezidenti İbrahim Rəisi də daxil olmaqla bu ölkə rəsmilərinin dikuçar (helikopter) qəzasında həlak olması bir qonşu dövlət olaraq Azərbaycanda da rəsmi səviyyədə narahatlığa səbəb olub. Düzdür, xalqın böyük çoxluğu bu məsələdə neytraldır. Lakin dövlət gərəkli nəzakəti ilk andan göstərib, qonşu dövlətin faciəsinə uyğun münasibət sərgiləyib.
Diqqətimizi çəkən bir də odur ki, Azərbaycan mediası da sanki İrana münasibətdə bir qədər yumşaq mövqe sərgiləyir. Yəni bir qayda olaraq Güney Azərbaycandakı soydaşlarımızın sistemli şəkildə pozulan hüquqlarına görə daim sərt mövqe sərgiləyən media qurumları, ictimai-siyasi fəallar indiki halda nisbətən yumşaq davranmaqla diqqət çəkir. Bu da diqqət çəkməklə bərabər təqdirəlayiq hal kimi də dəyərləndirilə bilər. Yəni Azərbaycan dövləti və vətəndaşı İranın soydaşlarımıza etdiyi zülmü belə indilik unudaraq qonşu dövlətə hörmətlə yanaşır.
Belə bir durum iki dövlət arasında 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra daha da gərginləşən münasibətlərin düzəlməsi üçün əlavə fürsətdir. İran bu imkanı dəyərləndirib düzgün addımlar atarsa, Azərbaycan Respublikası ilə münasibətlər daha xoş olar. Bu isə nəticə etibarı ilə Azərbaycandan daha çox hər tərəfdən sıxışdırılan İrana lazımdır.
Əlbəttə, bir müddət keçəcək, acılar unudulacaq, yeni prezident də seçiləcək. Amma bundan sonra da buvaxta kimi olan yanaşma davam edəcəksə, İran qazanclı deyil, məğlub çıxacaq. Ona görə də İran hakimiyyəti ağıllı siyasət yürütməyə, Azərbaycan Respublikasının bu xoşməramlı yanaşmasını düzgün dəyərləndirməyə özündə güc tapmalıdır.
Belədirsə, Azərbaycan Respublikasını qane edəcək, eyni zamanda qardaş Türkiyəni və bütövlükdə türk dövlətlərini razı salacaq hansı addımları atmaq olar? Yəni İran nə etməlidir ki, biz razı qalaq, münasibətlər istiləşsin, gərginlik aradan qalxsın?
Bu sualın cavabı bizim üçün gün kimi aydındır. Elə İran üçün də aydındır. Çünki o cavabı bizimlə bərabər İranın sərhədləri içində yaşayan türklər də davamlı şəkildə dilə gətirir.
Bundan sonrakı mərhələdə İran hakimiyyəti özünü xilas etmək üçün sayı 40 milyona çatan türk əsilli vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmalıdır. İlk addım kimi türk dilində dövlət məktəblərinin açılması vacibdir. Ardından da türk dilinin ölkənin ikinci rəsmi dili kimi təsbit edilməsi yaxşı olardı. Daha bir addım isə zorakı dini rejimin yumşaldılmasıdır. Yəni İran bu addımları atarsa, Azərbaycan başda olmaqla bütün türk dövlətləri ilə münasibətlərində ciddi irəliləyiş əldə edə bilər. Bu isə on illərdir sanksiyalar altında boğulan İranın bir az nəfəs alması üçün əlavə imkanlar deməkdir.
İndi top İran hakimiyyətindədir. Xoş məram nümayiş etdirsələr, həm öz vətəndaşlarına, həm də qonşulara əl uzatsalar bölgəmizdə çox şey yaxşılığa doğru dəyişəcək. Özü də sürətlə. Əks təqdirdə İran gərginlik altında yaşamağa davam etməli olacaq. Bu isə qaçılmaz vətəndaş itaətsizliyi, partlayış deməkdir…
Sözardı: Bəllidir ki, İran Prezidentinin dikuçarı texniki qüsur üzündən qəzaya uğrayıb. Olduqca köhnə olan dikuçarı yeniləmək imkanları da yox idi. Çünki sanksiyalar üzündən İran xaricdən yeni texnika və ehtiyat hissələri ala bilmir. Halbuki dünyanın da tənqidlərinə səbəb olan məsələlər həll edilsə, bu ölkəyə tətbiq edilən sanksiyalar yumşaldıla və belə qəzaların qarşısı alına bilər…