Son yeniləmə: 23 May 2024 10:18
BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtar respublikada kompleks səhiyyə islahatları aparılır.
Bunu Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov deyib.
Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasında rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibb müəssisələrinin siyahısında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 11 tibb müəssisəsi də yer alır.
Qeyd olunub ki, muxtar respublikada əhali pulsuz tibbi prosedurlarla və müvafiq dərman vasitələri ilə təmin edilib: “Həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün Türkiyənin Hacettepe və Qazi Universitetlərinin xəstəxanaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Razılaşmaya əsasən 80-ə yaxın tibb işçisi sözügedən universitetlərdə təlim və təcrübələrdə iştirak edib. Bu proses mərhələli şəkildə davam etdiriləcək”.
S.Sadıxovun sözlərinə görə, bundan başqa, tibbi personalın əməkhaqqı əhəmiyyətli şəkildə artıb, həkimlər üçün əlavə stimullar tətbiq olunur: “Bütün bunların nəticəsidir ki, ölkəmizin digər bölgələrindən də rezidentlər Naxçıvanın tibb müəssisələrini seçirlər”.