BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvanın yaranmasının 100 və Naxçıvan səhiyyəsinin 100 illiyi münasibəti ilə “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “səhiyyə naziri Teymur Musayev və konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca Heydər Əliyev Muzeyi ziyarət edilib, Ümummilli Liderin mənalı ömür yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən dəyərli eksponatlarla tanışlıq olub. Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və T.Musayev Əziz Əliyev adına Naxçıvan Uşaq Xəstəxanasının fəaliyyəti ilə maraqlanıb, xəstəxanada yeni yaradılan Təcili Tibbi Yardım Bölməsinə baxıblar. Həmçinin nazir Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzi, Naxçıvan Mərkəzi Xəstəxanasının tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalq akkreditasiyalı laboratoriyası və Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində aparılan yenidənqurma işləri ilə tanış olub”.
Daha sonra xəbərdə, “sonra xəstəxananın konfrans zalında “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans işinə başlayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib, SN-nin təqdim etdiyi videoçarxa baxış olub. Konfransın Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna yeri olan 28 May – Müstəqillik Günü ərəfəsində keçirildiyini deyən F.Nəcəfli əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən milli istiqlal uğrunda aparılan mübarizəni yüksək qiymətləndirib, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsi uğrunda misilsiz xidmətlər göstərib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, regionda yeni reallıqlar yaranıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülən işlər barədə məlumat verən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, icrası davam etdirilən 11 prioritet istiqamətdən biri də səhiyyənin müasir inkişafının təmin olunmasıdır. Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin Naxçıvanın səhiyyə sistemində özünəməxsus rol oynadığını bildirən F.Nəcəfli vurğulayıb ki, sözügedən Dövlət Proqramına uyğun olaraq fakültə üçün əlavə kampus inşa olunacaq. Səlahiyyətli nümayəndə ötən qısa dövrdə muxtar respublikada aparılan səhiyyə islahatları barədə məlumat verib, bu işlərin təşkilində dəstəyinə görə Nazirliyə, eləcə də əməyi olan hər kəsə təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb” deyə qeyd edilir.
Xəbərdə həmçinin deyilir ki, “T.Musayev konfrans iştirakçılarını müstəqil və suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib. Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikada institusional və qanunvericilik baxımından mühüm islahatlar həyata keçirilir. Bu islahatlar səhiyyə sistemində də özünü effektiv şəkildə göstərir, yeni tibb müəssisələri istifadəyə verilir, mövcud tibbi resurslar yenilənir, müasir texnologiyalar tətbiq edilir. T.Musayev həmçinin vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlərin yer alması bu sahədə fəaliyyətin daha təkmil, müasir və etibarlı təşkilinə zəmin yaradacaq. Nazir qeyd edib ki, Azərbaycanda tibbi islahatlar 3 əsas istiqamət üzrə – səhiyyədə çalışan insan kapitalının formalaşması, səhiyyənin rəqəmsallaşması və yeni səhiyyə iqtisadiyyatı, yəni səhiyyənin maliyyələşməsində yeni mexanizmlər yönündə aparılır”.
Konfransda Naxçıvanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov çıxış edərək Naxçıvanda fəaliyyət göstərən tibbi personal adından bu sahədə həyata keçirilən islahatları dəstəklədiklərinə görə F.Nəcəfliyə və T.Musayevə təşəkkür edib. S.Sadıxov qeyd edib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq son illər muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bunun nəticəsidir ki, Azərbaycanda rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibb müəssisələrinin siyahısında Naxçıvanda yerləşən 11 tibb müəssisəsi də yer alır. O əlavə edib ki, Muxtar respublikada əhali pulsuz tibbi prosedurlarla və müvafiq dərman vasitələri ilə təmin edilib, həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün Türkiyənin Hacettepe və Qazi Universitetlərinin xəstəxanaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Naxçıvan Səhiyyə Nazirliyinin təqdim etdiyi “Ümid əllərdə” videoçarxına baxış olub.
“Naxçıvan Muxtar Respublikası Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri İsa Abdullayev klinik tibbi bazaların Naxçıvan üzrə fəaliyyəti barədə məlumat verib, ona Naxçıvan Səhiyyə Nazirliyinin diplomu təqdim olunub.
Sonda Səhiyyə sisteminin elektron idarəediməsi və “103 Çağrı Mərkəzi”nin proqram təminatları, Təcili Tibbi Yardım xidmətində videotelematik sistemin tətbiqi və e-səhiyyə sisteminin təqdimatları olub.