Son yeniləmə: 23 May 2024 17:49
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondundakı “Şəhidlərin şəxsi kitablarından” adlı guşədə yerləşən nəşrlərdən biri də Aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun oxuduğu Bora İyiatın “Bir Vətəni qarşılıqsız sevmək” kitabıdır.
Nəşrin arxa qabığında Napoleon Bonapartın “Casuslar lənətli bir ordunun görünməyən savaçılarıdır” sözləri verilib.
Kitabda “Selçuklu devletinde istihbarat kavramı”, “Enverin fedaileri”, “Vatanı kurtarırken”, “Milli istihbarat teşkilatı” və s. başlıqlarda yazılar yer alır.
Bildirək ki, aprel döyüşlərinin son şəhidi olan Sənan Tahir oğlu Axundov 1979-cu ildə Füzuli rayonunda anadan olub. O, 2001-ci ildə “N” saylı hərbi hissədə xidmətə başlayıb. Sənan 2008-ci ildə Almaniyada Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
S.Axundov aprelin 19-da Beyləqanda “İbadətgahımız – Həzrəti Cərciz Peyğəmbər” məzarlığında dəfn edilib.
Qeyd edək ki, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondundakı sözügedən guşədə şəhidlərin özlərinin oxuduqları müxtəlif mövzulu kitablar toplanılır.