BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.
Bildirilir ki, “media nümayəndələri Mərkəzdə əlilliyi olan şəxslərə, habelə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar”.
O da qeyd edilir ki, jurnalistlərə son beş ildə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin yaradıldığı haqqında məlumat verilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyəti yüksəlib, xidmətdən istifadə edən şəxslərin illik sayı 7 dəfədən çox artıb.
“Agentliyin tabeliyində 15 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin 4 ayında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Nazirliyin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istiqaməti olaraq, 3 min 300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2 min 147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub”.
Müharibədən sonrakı dövrdə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısının reabilitasiya xidmətlərindən faydalandığı qeyd edilir.
Sonda bildirilir ki, “media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan müasir fizioterapevtik müalicə prosedurları ilə tanış olublar”.