Son yeniləmə: 23 May 2024 11:20
2023-2024-cü tədris ili çərçivəsində “Çərşənbə söhbətlər”inin son mövzusu Türkiyə üçün aktual məsələyə həsr edilib
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyi 2023-2024-cü tədris ili çərçivəsində “Çərşənbə söhbətlər”inin son mövzusu Türkiyə üçün aktual məsələyə həsr edilib. Söhbət Türkiyədə başlıca müzakirə mövzusu olan yeni konstitusiyanın qəbulundan gedir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.
O, qeyd edib ki, rəhbərlik etdiyi dərnək həm Azərbaycan, həm Türkiyə, həm də ümumilikdə türk dünyası ilə bağlı aktual məsələləri diqqətdə saxlayır: “Təbii ki, biz “Çərşənbə söhbətlər”inin daimi dinləyiciləri olan gəncləri və Dərnək üzvlərini mütəmadi olaraq bu cür məsələlərlə bağlı bilgiləndiririk. Buna görə də hazırda Türkiyədə siyasi gündəmin bir nömərli məsələlərindən olan yeni konstitusiya məsələsi barədə də müzakirə açmaq qərarına gəldik”.
C.Aydın bildirib ki, “Çərşənbə söhbətlər”inin bu dəfəki qonağı Eskişehir Osmangazi Univeristetinin müəllimi, Prof. Dr. Alper Özmen olub: “Ulu babaları Qafqazdan Türkiyəyə köç etmiş Prof. Dr. Alper Özmen təqdimat çıxışında Türkiyə Cümhuriyyəti tarixində mövcud olan konstitusiyalar barədə ətraflı məlumat verdi. Həmçinin yeni konstitusiyada nələrin ola biləcəyi barədə bilgi verildi. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırıldı”.
Qeyd edək ki, çıxış və sual-cavabdan sonra Cavid Aydın Prof. Dr. Alper Özmene Dərnəyin təşəkkürnamə təqdim edib.