Son yeniləmə: 23 May 2024 10:41
“Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib
BAYRAQDAR MEDİA – Mayın 22-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 və Naxçıvan səhiyyəsinin 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev və konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər: “Ardınca Heydər Əliyev Muzeyi ziyarət edilib, Ümummilli Liderin mənalı ömür yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən dəyərli eksponatlarla tanışlıq olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və səhiyyə naziri Teymur Musayev Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının fəaliyyəti ilə maraqlanıb, xəstəxanada yeni yaradılan Təcili Tibbi Yardım Bölməsinə baxıblar. Bildirilib ki, bölmə funksional çarpayılar, xəstəbaşı monitorlar, infuzomatlar, perfuziya aparatı ilə təmin edilib. Burada xəstələrin yaşıl, sarı və qırmızı sahələr üzrə triaj sistemi tətbiq edilir. Sonra Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub”. Məlumata görə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalq akkreditasiyalı laboratoriyası ilə tanışlıq zamanı qeyd edilib ki, burada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsində aparılan yenidənqurma işləri barədə məlumat verilib”.
Sonra xəstəxananın konfrans zalında “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans öz işinə başlayıb: “Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi videoçarxa baxış olub. Konfransın Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna yeri olan 28 May – Müstəqillik Günü ərəfəsində keçirildiyini deyən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Çıxışında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülən işlər barədə məlumat verən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, icrası davam etdirilən 11 prioritet istiqamətdən biri də səhiyyənin müasir inkişafının təmin olunmasıdır”.
Bildirilib ki, “səlahiyyətli nümayəndə ötən qısa dövrdə muxtar respublikada aparılan səhiyyə islahatları barədə məlumat verib, bu işlərin təşkilində dəstəyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, eləcə də əməyi olan hər kəsə təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb”.
Məlumata əsasən, səhiyyə naziri Teymur Musayev konfrans iştirakçılarını müstəqil və suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib: “Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikada institusional və qanunvericilik baxımından mühüm islahatlar həyata keçirilir. Bu islahatlar səhiyyə sistemində də özünü effektiv şəkildə göstərir, yeni tibb müəssisələri istifadəyə verilir, mövcud tibbi resurslar yenilənir, müasir texnologiyalar tətbiq edilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlərin yer alması bu sahədə fəaliyyətin daha təkmil, müasir və etibarlı təşkilinə zəmin yaradacaq”.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bildirib ki, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibb müəssisələrinin siyahısında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 11 tibb müəssisəsi də yer alır.
Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi “Ümid əllərdə” videoçarxına baxış olub.
“Naxçıvan Muxtar Respublikası Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri İsa Abdullayev klinik tibbi bazaların Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyəti barədə məlumat verib, ona Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin diplomu təqdim olunub.
Sonda Səhiyyə sisteminin elektron idarəediməsi və “103 Çağrı Mərkəzi”nin proqram təminatları, Təcili Tibbi Yardım xidmətində videotelematik sistemin tətbiqi və e-səhiyyə sisteminin təqdimatları olub.