Press "Enter" to skip to content

Türk dünyasının ali təhsil sahəsində hədəfləri

Ruhəngiz Əliyeva

Son yeniləmə: 22 May 2024 11:19

Ruhəngiz Əliyeva: Öz mədəniyyətinə bələd, xarici dünyaya açıq, bilikli gənclərin yetişdirilməsi türk dövlətləri universitetlərinin ali təhsil sahəsinin əsas hədəflərini təşkil edir

BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycan-Türkiyə birliyi, əslində uzun illər arzu edilən və artıq reallaşmağa başlayan vahid türk birliyi idealını ifadə edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva deyib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və İstanbul İbn Haldun Universitetinin birgə təşkilatçılığı ilə mayın 20-də Bakıda “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində” mövzusunda tədbir keçirilib. Həmin tədbirdə ekspert kimi iştirak edən R.Əliyeva tədbirdə türk dünyasının gələcəyi üçün əhəmiyyətli olan məsələlərdən bəhs edildiyini bildirib.

Şəkildə sağdan sola : Ruhəngiz Əliyeva, İstanbul İbn Haldun Univeristetinin rektoru professor Atilla Arkan və həmin universitetin Heydər Əliyev Mərkəzinin direktoru, Prof. Dr. Yaşar Sarı
Şəkildə sağdan sola : Ruhəngiz Əliyeva, İstanbul İbn Haldun Univeristetinin rektoru professor Atilla Arkan və həmin universitetin Heydər Əliyev Mərkəzinin direktoru, Prof. Dr. Yaşar Sarı

R.Əliyeva qeyd edib ki, bu gün türk dünyasının şahlanışını müşahidə edirik: “Bunun da əsasında duran məqamlar var. Əvvəla Türkiyənin son 100 il ərzində uğurlar qazanaraq bu günkü zirvəyə yüksəlməsi, İslam dünyasına sülhsevər və güclənən bir güc bəxş edərək, Qarabağ zəfərində bütün iradəsi və ruhu ilə Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etməsi dünya türkləri və Azərbaycan xalqı tərəfindən böyük fəxarətlə bəyan edilir, alqışlanır. Bu, eyni zamanda, bir sıra sahələrdə davamlı addımların atılmasına təkan verib”.

R.Əliyevanın sözlərinə görə, TDT-nin 2040 Türk Dünyası Vizyonu proqramına daxil edilən məsələlərdən biri də üzv dövlətlərin milli mədəniyyət, təhsil və gənclər siyasətinin daha çox uyğunlaşdırılmasını təmin edilməsidir: “Bu kontekstdə biz ali təhsil sahəsinin tam funksional hala gətirilməsi, türk dövlətləri və universitetləri ilə birlikdə xüsusilə gənclərin birlik, bərabərlik və həmrəylik şəraitində yetişdirilməsi istiqamətində inamlı addımlar atmaqda qərarlıyıq”.

Qeyd olunub ki, bu gün ənənəvi türkçülük dəyərlərinin yenidən inşa edilməsi və ağıl dünyasının yenidən formalaşdırılması, ortaq türk sivilizasiyasının ənənəvi dəyərlərinin və mədəniyyətinin gücləndirilməsi vacibdir: “Bu kontekstdə də gənclər arasında qardaşlıq hissini möhkəm təməllər üzərində quraraq ortaq gələcək idealını bərqərar etmək, öz mədəniyyətinə bələd, yüksək bacarıqlı nəsil yetişdirmək, mənsub olduğu sivilizasiyanı təmsil etmək, xarici dünyaya açıq, özünə güvənən və yüksək rəqabət qabiliyyətinə malik bilikli gənclərin yetişdirilməsi türk dövlətləri universitetlərinin ali təhsil sahəsinin əsas hədəflərini təşkil edir”.

Vurğulanıb ki, bu gün təkcə Türkiyə universitetləri ilə deyil, həm də ümumilkdə türk dünyasındakı universitetlər və müəllimlər arasında işbirliklərini dəstəkləmək üçün hazırlanan layihələr müsbət nəticələr verəcəkdir: “Bundan əlavə, ortaq tarix, sivilizasiya və ədəbiyyat mövzusunda konfrans və seminarlar təşkil etməklə, türk tarixi, mədəniyyəti və dil irsinə əsaslanan ali təhsil müəssisələri arasında əməkdaşlığı təmin etməklə, müasir, elmi səviyyəli maarifləndirici tədbirlər həyata keçirməklə ortaq kimliyə sahib yüksək şüurlu nəsillər yetişdirə bilərik”.

Mission News Theme by Compete Themes.