BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
Xəbəri mayın 22-də səfirlik yayıb.
Bildirilir ki, “Alim Bayel Bakının iki ölkə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında rolunu xüsusilə qeyd edib. O, həmçinin, qazaxıstanlıların Azərbaycan meqapolisinə olan marağını vurğulayıb”.
Səfir qeyd edib ki, “Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, qazaxıstanlılar 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanı ziyarət edən əcnəbilər arasında 5-ci yeri tuturlar. Ümumilikdə Orta Asiyadan Azərbaycanı ziyarət edən hər iki turistdən biri Qazaxıstandan olan turistdir”.
“Səfir eyni zamanda qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi ilə əlaqədar Bakını təbrik edib. Diplomat Qazaxıstanın tədbirdə fəal iştirak edəcəyini və zirvə görüşünün uğurla təşkil edilməsində Azərbaycana hərtərəfli dəstək verməyə hazır olduğunu qeyd edib”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “Eldar Əzizov öz növbəsində qardaş Azərbaycan və Qazaxıstan arasında xüsusi qarşılıqlı münasibətləri, habelə əməkdaşlığın indiki yüksək səviyyəyə çatmasında prezidentlər İlham Əliyevin və Qasım-Jomart Toqayevin rolunu qeyd edib. Bakı İcra Hakimiyyətinin başçısı Azərbaycan biznesinin Qazaxıstanda fəal işlədiyini vurğulayıb. Bu kontekstdə o, Qazaxıstan biznes nümayəndələrini Bakıda fəaliyyət göstərməyə dəvət edib. Eldar Əzizov Şəhər İcra Hakimiyyətinin Qazaxıstan sahibkarları üçün tikinti sahəsi də daxil olmaqla bir çox sahələrdə əlverişli şəraiti yaratmağa hazır olduğunu bildirib”.
“Tərəflər eyni zamanda ikitərəfli əməkdaşlığın inkişafı üçün konkret tədbirləri də müzakirə ediblər. Xüsusilə Bakı ilə Astana arasında qardaşlıq əlaqələrinin inkişafı ilə bağlı gələcək addımlar nəzərdən keçirilib.” Xəbərdə belə deyilir.