BAYRAQDAR MEDİA – Mayın 20-si saat 19:00-da Qədim Zəngəzur Teatrı Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində 44 günlük Vətən savaşına həsr etdiyi “44 dəqiqə” tamaşasının premyerasını keçirib.
Tamaşanın quruluşçu rejissoru, ssenaristi Ramil Zeynalov, musiqi tərtibatçısı Leyla Tofiqqızıdır.
Premyeraya şəhid ailələrinin üzvləri, qazilər, millət vəkilləri, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər daxil olmaqla 5 rayonun İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, sənət adamları dəvət olunub.
Tamaşadan əvvəl Qədim Zəngəzur Teatrının direktoru Firidun Əliyev Teatr haqqında BAYRAQDAR MEDİA-ya açıqlama verib: “2023-ci il martın 29-da Qədim Zəngəzur Teatrı rəsmi olaraq qeydiyyatdan keçdi. Şərqi Zəngəzura daxil olan Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarında və Qərbi Azərbaycanın Zəngəzur bölgəsində tarixən professional teatr olmayıb. Ən böyük hədəfimiz Qədim Zəngəzur Teatr truppasını Zəngəzur torpaqlarında görməkdir. Bizim əsas fikrimiz odur ki, tamaşaçını teatra qaytaraq. İstədik ki, bu regionda da teatr olsun”.
Teatrın bədii rəhbəri Ramil Zeynalov BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirdi ki, “bu gün heyətimizdən tam razıyıq. İstədiyimiz nəticəni əldə etdik. Tamaşanın əvvəlində elə hiss etdik ki, tamaşaçı tamaşanı həzm edə bilmir. Amma sonra gördük ki, tamaşaçı hər nəfəsi, cümləni diqqətlə izləyir. Sondakı alqışlar onu göstərdi ki, uduzmamışıq. Planda iki uşaq tamaşası, iki melodram, iki komediya var. Yeni mövsümdə yeni tamaşalar olacaq. Qədim Zəngəzur Teatrının fəaliyyəti uğurla başladı”.
Tamaşadan sonra Xalq artisti Sabir Məmmədov BAYRAQDAR MEDİA-ya premyera haqqında danışıb: “Çox emosional tamaşadır. Əvvəllər səhnədən səngərə səsləyirdik. Bu gün biz səngərdən səhnəyə gəldik. Tamaşada real həyat hekayəsini gördük. Tamaşaçıya təsir etməyi bacardılar. Bunun davamı mütləq olsun. Aktyorları və yaradıcı heyəti təbrik edirəm”.
Xalq şairi Ramiz Rövşən də tamaşa haqqında təəssüratlarını BAYRAQDAR MEDİA ilə bölüşüb: “Biz təkcə Şərqi Zəngəzur Teatrının təşkil olunmasının şahidi olmadıq, həm də peşəkar bir kollektivi gördük. Teatrın təşkil olunması bir sevincdirsə, bu kollektivi görmək iki qat sevincdir. Çox təsirli bir tamaşa oldu. Aktyorlar çox peşəkar oynayırdılar. Mən çox sevindim. İnanıram ki, bundan sonra bu Teatrın çox uğurlu tamaşalarını görəcəyik”.
Xalq artisti Kazım Abdullayev BAYRAQDAR MEDİA-ya açıqlamasında kollektivə uğurlar arzulayaraq bildirdi ki, “çox gözəl tamaşadır, belə tamaşaları gənclərə göstərməklə şəhidlərin xatirəsini daim yaşatmalıyıq”.
Tamaşaya gələn qonaqlar arasında əslən Cəbrayıl rayonundan olan, tanınmış pedaqoq Əlibala Zalovdan BAYRAQDAR MEDİA üçün fikirlərini aldıq: “Şərəflidir. Alqışlayıram. Hətta təbliğ olunmalıdır. Şərait yaradılmalıdır. Xalq ciddi şəkildə bu sahədə maariflənməlidir. Şübhəsiz ki, bu Teatrın işi asan olmayacaq. Necə deyərlər,
İgid odur, atdan düşə atlana,
İgid odur, hər əzaba qatlana”.