Son yeniləmə: 22 May 2024 15:18
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir.
Konfrans görkəmli tədqiqatçı Ata Tərzibaşının anadan olmasının 100 illiyinə həsr olunub.
Konfransdan öncə iştirakçılar İraqda, Türkiyədə və Azərbaycanda İraq-türkman folkloru, ədəbiyyatı və mədəniyyəti ilə bağlı nəşr olunmuş kitabların sərgisinə baxış keçiriblər.
AMEA prezidenti, akademik İsa Həbibbəyli açılış çıxışında konfransı Azərbaycan-Kərkük əlaqələrinin inkişafı üçün böyük hadisə adlandırıb. O, hələ vaxtilə bu əlaqələrin inkişafına Ulu Öndər Heydər Əliyevin çox önəm verdiyindən bəhs edib. Akademik əlavə edib ki, hazırda da Prezident İlham Əliyev Azərbaycan-İraq əlaqələrinin inkişaf etdirilməsinə, eyni zamanda Azərbaycan-Kərkük əlaqələrinin genişlənməsinə, möhkəmlənməsinə böyük diqqət yetirir və dəstək verir. İ.Həbibbəyli bu əlaqələrdən danışarkən əlavə edib ki, İ.Əliyevin Sərəncamı ilə 530 illiyi Azərbaycanda qeyd edilən Məhəmməd Füzulinin yubileyində İraqdan və Kərkükdən gələn tədqiqatçıların, araşdırmaçıların iştirakı indiki dövrdəki əlaqələrin elmi əməkdaşlığa çevrildiyini əyani şəkildə göstərir.
Akademik Kərkük türklərinin mənəvi atası, Azərbaycanda da adı uca tutulan böyük folklorşünas, ictimai xadim Ata Tərzibaşı haqqında da söhbət açıb, onu kərküklülərin “fikir babası” adlandırıb. Həmçinin o, ictimai xadimin 100 illik yubileyinin Azərbaycanda, AMEA-da qeyd olunmasını böyük tarixi hadisə adlandıraraq bu hadisənin bundan sonrakı əlaqələrin də çox yaxşı başlanğıcı olduğunu deyib. AMEA prezidenti onu da bildirib ki, M.Füzulini öyrənmək üçün Ata Tərzibaşının əsərləri önəmli, etibarlı mənbədir. İ.Həbibbəyli çıxışında Azərbaycan-Kərkük əlaqələrindən danışarkən Prof. Qəzənfər Paşayevin bu əlaqələrin inkişafında böyük xidməti olduğunu diqqətə çatdırıb və bu xidmətə görə professora təşəkkür edib.
Konfransda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək Ata Tərzibaşının ümumtürk folkloru və ədəbiyyatında yeri haqqında söhbət açıb, Azərbaycan-Kərkük əlaqələri ilə bağlı fikirlərini bölüşüb. Bundan əlavə o, Ata Tərzibaşının yubileyinin qeyd edilməsinin bu əlaqələrin gələcək inkişafında xüsusi rol oynayacağını bildirib.
Sonra Kərkük Kültür Dərnəyinin sədri, Prof. Dr. Şəmsəddin Kuzəçi “Ata Tərzibaşının məqalələrinin dəyərləndirilməsi üzərinə bir araşdırma”, filologiya elmləri doktoru, Prof. Qəzənfər Paşayev “İraq-türkman ləhcəsinin tədqiqində Ata Tərzibaşı mərhələsi”, “Türkməneli” qəzeti və “Türkməneli” Ədəbiyyat və Sənət Dərgisinin redaktoru Necat Kevseroğlu “Ata Tərzibaşının həyatı və əsərləri” və Prof. Ömər Türkmənoğlu “Ata Tərzibaşının İraq-türkman musiqisinə qatqıları” mövzularında məruzələrlə çıxıb edib.
Daha sonra konfrans işini üz-üzə və onlayn formatda bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, konfrans mayın 23-də yekunlaşacaq.