BAYRAQDAR MEDİA – Mayın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən verilib.
Xəbərdə deyilir ki, “görüşdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları, eləcə də Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əklil və gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Sonra isə müdafiə naziri general-polkovnik Z.Həsənov Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb”.
Ordu generalı S.Bayraktaroğlu hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində bu cür görüşlərin mühüm əhəmiyyətə malik olduğunu deyib.
Bilidirlib ki, “görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib”.
Məlumata görə, sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersayla və müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-leytenant Hikmət Mirzəyev ilə görüşüb.
Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.