Həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələr hazırlanacaq
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DMA-dan daxil olub.
Xəbərdə bildirilir ki, “sənədin imzalanması tədbirində Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında məlumat verib. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb. Sədr Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirib, keçirilən görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb. ADAU-nun rektoru Zəfər Qurbanov Universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verib, məzunların işlə təmin olunmasının Universitetin əsas hədəflərindən biri olduğunu, onların gələcək karyera inkişafının daim diqqətdə saxlandığını qeyd edib”.
Daha sonra xəbərdə qeyd edilir ki, “gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə daha sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında əmək bazarının araşdırılması, əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, startap və inkubasiya mərkəzlərinin yaradılması, tələbələrin təcrübə proqramlarına cəlb olunması, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub”.
Xəbərdə həmçinin “tədbirdə “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub. Bildirilib ki, əmək bazarı ilə əlaqəli hər bir şəxsin maraq dairəsində olacaq, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma 3 bölmədən ibarətdir. Burada hər bir universitetin məzunlarını daha çox işlə təmin edən top 10 işəgötürənin adı, iqtisadi fəaliyyət növləri, məzunların işlə təminatı üzrə müddət aralıqları, ixtisasları üzrə çalışmaları, cins, sektor, sahə, əməkhaqqı aralıqları və digər parametrlər, universitetlərin, ixtisasların reytinqləri əks olunur. Platformadan istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək” deyə bildirilir.
Daha sonra Universitetin müasir laboratoriyaları, Tələbə parkı, Açıq və Qapalı balıqyetişdirmə laboratoriyaları, İstixana kompleksi, Eksperimental heyvandarlıq kompleksi ilə tanışlıq olub.