BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət X (Twitter) sosial şəbəkəsində fəaliyyətinin hazırkı durumu ilə bağlı maraqlı paylaşım edib. Onun bu paylaşımını bir hesabat kimi də qəbul etmək olar.
Azər Həsrət: Hazırkı adı ilə desək X (Twitter) sosial şəbəkəsində fəaliyyətimin 16-cı ilindəyəm. 2009-cu ilin yanvarında (onda hələ çoxlarının bu şəbəkədən xəbəri yox idi) burada qeydiyyatdan keçib fəaliyyətə başlamışdım. Paylaşımlarım əsasən ingilis dilində olub, olur.
Ötən 15 il ərzində kimlərlə üz-üzə gəlmədik burada? ABŞ senatorları, konqresmenlər, ABŞ, Fransa prezidentləri, Almaniya kanslerləri, Avropa Parlamentinin üzvləri, ATƏT, Avropa Şurası, Avropa Birliyi, Beynəlxalq Amnistiya, Freedom House, Human Rights Watch, BMT, UNESCO, Rusiya, İran təbliğat maşını, çirkin erməni təbliğatı və daha nələr-nələr bizim qarşımıza çıxdı, cavab verdik, müzakirələr açdıq, milli və dövlət maraqlarımızı qoruduq.
Bu müddət ərzində mənim yazdığım tvitləri oğurlayıb öz adına çıxan, sonra da vəzifə sahibinə çevrilənlər də oldu. Biz işlədik, elələri irəli getdilər. Amma bu, bizi yolumuzdan döndərmədi. Çünki dövlətimizə xidmətimiz təmənnasız idi, bundan sonra da elə olacaq. Qoy kimlərsə öz mağara təfəkkürlərinin əsiri olaraq vəzifə üçün çalışsınlar, bizsə böyük düşünüb böyük davranaraq millət və dövlət üçün yolumuza davam edək.
Ötən dövr ərzində əsas xəttim təbii ki, Güney Azərbaycan məsələsi və Türk Dövlətləri Təşkilatının inkişafı, qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması üçün çalışmalarla da zəngin olub. Bundan sonra da olacaq. Yəni dava adamıyam, davamı davam da etdirəcəyəm!
Vətən savaşının nəinki hər gün və hər saatında, hər saniyəsində belə bu platformadan mümkün qədər geniş istifadə etdim. İndinin özündə də erməni təbliğatı ilə savaşımız davam edir, yorulmadan bu yolda yürüyürük.
Rusiyanın Ukrayna torpaqlarını işğalına da biganə qalmadım bu ötən dövr ərzində. Ukraynanın haqlı savaşında onun yanında olduğumu bütün mümkün vasitələrlə göstərdim, göstərməyə də davam edəcəyəm.
Sözümün canı odur ki, ötən 15 il ərzində yetərincə fəal oldum, bəzən çoxlarının xəbəri olmayan məsələlərdə fəallıq etdim. Nəticə də odur ki, artıq bu müddət ərzində 40 mindən çox paylaşım etmişəm. Bu, bir salnamədir, tarixdir, Azərbaycan tarixinə yazılacaq cümlələrdir.
Və əlbəttə ki, yola davam edirik!