BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, “Avroviziya” Mahnı Yarışması adı altında hər il keçirilən musiqi müsabiqəsi getdikcə ictimai narazılığa səbəb olur. Bu müsabiqədə musiqidən çox qeyri-ənənəvi davranışlar önə çıxarılır, süni şəkildə şişirdilərək yaxşı bir şey imiş kimi cəmiyyətə təqdim edilir. Əlbəttə, belə bir durum toplumun əxlaqını düşünən insanları narahat etməyə bilməz. O baxımdan qardaş Türkiyə xeyli müddətdir ki, müsabiqədə iştirakdan imtina edib.
Məsələylə bağlı mayın 21-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan sosial mediada paylaşım edərək “Avroviziya”ya qatılmamağın doğru qərar olduğuna diqqət çəkib.
Cümhurbaşqanı qeyd edib ki, “qlobal məcburetmənin ən bariz olduğu sahələrin başında cinsiyyətsizləşdirmə siyasəti gəlir. Bunun dünyada necə dəhşətli həddə çatdığına ötən həftəki “Avroviziya” yarışmasında bir daha şahid olduq. Azadlıq maskası altında rol model olaraq gənclərə təqdim edilən əcaib tiplərin toplumsal pozulmanın Troya atları olduğu açıqdır”.
Recep Tayyip Erdoğan daha sonra yazır: “Bu cür beynəlxalq tədbirlərdə geyimi, sözləri ilə normal bir insana rastlamaq imkansız hala gəldi. Bunun bilincli bir siyasət olduğu artıq hər kəs tərəfindən qəbul edilir. Türkiyəni son 12 ildir bu biabırçılıqdan uzaqda tutaraq nə qədər dəqiq bir qərar verdiyimizi daha yaxşı qavrayırıq. Biz eyni cizgidə qalmağa davam edəcəyik”.
Qardaş ölkə başçısının bu həyəcan təbilinin həm də Azərbaycan üçün səsləndiyini düşünürük. O baxımdan Recep Tayyip Erdoğanın açıqlamasının diqqətə alınmasının vacib olduğunu sanırıq. Yəni Azərbaycan da artıq musiqi yarışmasından daha çox üzdəniraqların nümayiş meydanına çevrilmiş “Avroviziya”dan imtina etməlidir.