BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondundakı “Şəhidlərin şəxsi kitablarından” adlı guşədə yerləşən nəşrlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi Xəyal Məmmədovun mütaliə etdiyi “Görünməyən izlər” romanıdır.
Müəllifi yazıçı Elxan Elatlı olan nəşrin üz qabığında “Bəzən görünməyən izlər görünən izlərdən daha çox şey deyir…” sözləri verilib.
Romanda anası tərəfindən uşaq evinə verilmiş Humay adlı qızın sonrakı acınacaqlı taleyindən və onun məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlı ilə tanışlığından bəhs edilir. Son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan romanda narkomaniyanın gətirdiyi faciələrə də ustalıqla toxunulur.
Bildirək ki, mayor X.Məmmədov 1986-cı ildə Şəkidə anadan olub. O, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, həmçinin döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararaq fərqlənib. X.Məmmədov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Qeyd edək ki, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondundakı sözügedən guşədə şəhidlərin özlərinin oxuduqları müxtəlif mövzulu kitablar toplanılır.