BAYRAQDAR MEDİA – Mayın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollec və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Humanitar Kollecin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “memorandumu hər iki tərəfin direktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nərmin Qaralova və Kurmancan Adılbekova imzalayıb. Sənəddə iki türkdilli ölkə arasında birgə yaradıcılıq layihələrinin, elmi-praktiki, elmi-metodiki konfransların, seminarların, ustad dərslərinin, dəyirmi masaların və qastrol səfərlərinin, konkret əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub. İmzalanma mərasimində N.Qaralova bildirib ki, bu cür əməkdaşlıqlar iki qardaş ölkənin mədəniyyət və incəsənətinin inkişafı, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir”.